"Mançester Siti" qalmaqalında gözlənilməz dönüş: Klub rəhbərinə toxunmaq mümkün deyil!
"Mançester Siti"nin idarə heyətinin sədri Haldun Əl-Mübarək altı il əvvəl Böyük Britaniyada diplomatik toxunulmazlıq statusu alıb. 2020-ci ildə verilən bu status klubun maliyyə göstəricilərinin süni şəkildə şişirdilməsi şübhələri ilə bağlı işlər üzrə onu məhkəmə məsuliyyətinə cəlb etməyi ciddi şəkildə çətinləşdirir.
TodayPress TV xəbər verir ki, bu barədə "Financial Times" nəşri məlumat yayıb.
Bildirilib ki, Əl-Mübarəyin malik olduğu diplomatik toxunulmazlıq onu Böyük Britaniya ərazisində cinayət məsuliyyətindən və əksər mülki-hüquqi iddialardan qoruyur.
Bu yaxınlarda İngiltərə Premyer Liqası "Mançester Siti"ni liqanın maliyyə qaydalarını pozmaqda və təhqiqatla əməkdaşlıqdan imtina etməkdə təqsirli bilib. Klub ittihamlarla razılaşmadığını və müvafiq instansiyalarda öz mövqeyini müdafiə edəcəyini bəyan edib. Ehtimal olunan cəzalar hələ rəsmən açıqlanmasa da, mətbuatın yazdığına görə, klub çempionluq titullarından məhrum edilə bilər.
Qeyd edək ki, "Mançester Siti" 2008-ci ildən BƏƏ-nin "Abu Dhabi United Group" şirkətinin idarəçiliyindədir. Bu müddət ərzində klub 8 dəfə Premyer Liqa çempionu olub, 4 İngiltərə Kuboku, 7 Liqa Kuboku və 2022/2023-cü illər mövsümündə Çempionlar Liqasını qazanıb.
Namiq HUN