“Kristal Pelas”ın futbolçusu müqaviləli oyunlardan danışdı

İdman

11.08.2025 13:04

Keçmiş futbolçu Mozes Svaibu “Bromli” klubunda çıxış edərkən yeddi müqaviləli oyunda iştirak etdiyini etiraf edib.

TodayPress TV “Daily Mail”ə istinadən xəbər verir ki, o, bir ildən az müddətdə bu qarşılaşmalardan 1 milyon funq sterlinqdən çox gəlir əldə edib. 

Həmin dövrdə klubdakı həftəlik maaşı cəmi 80 funt sterlinq olan Svaibu hadisələrin 2011-ci ildə baş verdiyini bildirib. O, əvvəlcə təklifi rədd etsə də, sonradan razılaşıb. 

İlk müqaviləli oyunu “İstborn”a qarşı olub. “Bromli” ilk hissəni 0:2 hesabı ilə uduzub. Bu nəticəni təmin edən Svaibu və digər futbolçular 100 min funt sterlinq alıb və pulu aralarında bölüşdürüblər.

O, həmçinin təşkilatçılarla futbolçular arasında vasitəçi kimi fəaliyyət göstərib. “Bromli”dən ayrıldıqdan sonra özü də bu tip oyunlar təşkil etməyə çalışsa da, 2013-cü ilin aprelində “Uimbldon” – “Dagenhem & Redbriç” matçı zamanı həbs olunub. Sonradan məlum olub ki, Svaibu ilə əlaqəyə girən “sindikat” əslində polis tərəfindən qurulub.

Nəticədə o, 16 ay həbs cəzası alıb. Azadlığa çıxdıqdan sonra isə APL, FIFA və Sport Integrity Global Alliance ilə əməkdaşlıq edərək korrupsiyaya qarşı layihələrdə iştirak edib. Hazırda Svaibu “Gamechanger 360” konsaltinq şirkətində çalışır və idmançıları qumar oyunlarının riskləri barədə maarifləndirir.

Xatırladaq ki, Mozes Svaibu karyerası ərzində “Kristal Pelas”, “Linkoln Siti” və İngiltərənin aşağı liqa klublarında çıxış edib.

Namiq HUN

tag: Kristal Pelas,Klub,Müqavilə,Oyun,Todaypress.tv,