KDÇ: Ramos “Monterrey”ə “İnter”lə oyunda xal qazandırdı

İdman

18.06.2025 09:34

Klublararası dünya çempionatında (KDÇ) qrup oyunları davam edir.

TodayPress TV xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatının Pasadena şəhərindəki “Rous Boul” stadionunda mundialın E qrupunun ilk turunda keçirilən “Monterrey” (Meksika) - “İnter” (İtaliya) matçı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Oyunda hesabı 25-ci dəqiqədə meksikalıların heyətində 39 yaşlı ispan müdafiəçi Serxio Ramos açıb. Bərabərlik qolunu isə 42-ci dəqiqədə “İnter”in hücumçusu Lautaro Martines vurub.

Bu nəticə ilə hər iki komanda qrupda 1 xal qazanıb. Hazırda E qrupunun lideri 3 xalla Argentina təmsilçisi “River Pleyt”dir. Yaponiya klubu “Urawa Red Diamonds” isə xalsız sonuncu pillədə qərarlaşıb.

Xatırladaq ki, 32 komandanın iştirak etdiyi klublararası dünya çempionatı iyulun 13-dək davam edəcək. Turnirdə komandalar 8 qrupa bölünüb. Hər qrupdan iki ən yaxşı komanda pley-off mərhələsinə vəsiqə qazanacaq.

Namiq HUN

tag: Monterrey,İnter,Çempionat,Rous Boul,Todaypress.tv,