İspan qolkiper İran klubuna keçdi
İdman
08.08.2025 09:26
İranın “Esteqlal” klubu 38 yaşlı Antonio Adanla müqavilə imzaladığını açıqlayıb.
TodayPress TV xəbər verir ki, təcrübəli qolkiper yeni klubuna azad agent statusunda qoşulub və tərəflər bir illik müqavilə bağlayıblar.
Antonio Adan 2024-cü ilin iyul ayında Lissabon “Sportinq”indən ayrıldıqdan sonra klubsuz qalıb. O, karyerası ərzində həmçinin “Atletiko Madrid”, “Betis”, “Kalyari” klubu və futbol fəaliyyətinə başladığı “Real Madrid”də çıxış edib.
Qeyd edək ki, Adan peşəkar karyerası ərzində ümumilikdə 432 oyuna çıxıb, 511 qol buraxıb və 156 dəfə qapısını toxunulmaz saxlayıb. “Real Madrid”lə İspaniya çempionluğu, ölkə kuboku və superkuboku qazanan qolkiper, “Atletiko” ilə UEFA Superkubokunun sahibi olub. O, “Betis”də çıxış etdiyi dövrdə klubla birlikdə Sequnda çempionluğunu bayram edib.
Antonio Adan karyerasının ən uğurlu dövrünü “Sportinq”də keçirib. İspan qolkiper burada iki dəfə Portuqaliya çempionu olub, iki superkubok və bir Portuqaliya Liqa Kubokunu qazanıb. 2020-ci ildə Adan Portuqaliya çempionatının “İlin qapıçısı” adına layiq görülüb.
Namiq HUN
tag: Antonio Adan,Qolkiper,Klub,Müqavilə,Todaypress.tv,