Cokoviç “Rolan Qarros”un yarımfinalına yüksəldi

İdman

05.06.2025 10:32

Dünya tennisinin altıncı nömrəsi, serbiyalı Novak Cokoviç “Rolan Qarros” turnirinin 1/4 final mərhələsində almaniyalı Aleksandr Zverev üzərində inamlı qələbə qazanaraq yarımfinala yüksəlib. 

TodayPress TV xəbər verir ki, peşəkar tennisçilərin qarşılaşması 3 saat 20 dəqiqə davam edib.

Cokoviç oyuna zəif başlasa da, sonrakı setlərdə üstünlüyü ələ alaraq 4:6, 6:3, 6:2, 6:4 hesabı ilə qələbə qazanıb.

Matç ərzində Novak 6 əla eys edib, heç bir qoşa səhvə yol verməyib və 8 imkanın 4-də breyk-pointi reallaşdırıb. Zverev isə 4 eys reallaşdırsa da, 1 qoşa səhvə yol verib və 3 imkanın yalnız birində breyk-point əldə edə bilib.

Yarımfinalda Cokoviç planetin birinci raketkası, italiyalı Yannik Sinner ilə qarşılaşacaq. “Böyük Dəbilqə” turnirlərinin 24 qat qalibi mətbuat konfransında rəqibinin oyun səviyyəsini yüksək qiymətləndirib:

“Yannik son illərin ən yaxşı tennisçisidir. Onun çox güclü və hücumyönümlü tennisi var. Oyununun bütün elementlərində sabitdir. Sinnerlə uzun müddətdir qarşılaşmamışam. Vaxtilə bir neçə dəfə qısa müddətdə çox gərgin görüşlərimiz olub. “Böyük Dəbilqə”nin yarımfinalı mənim üçün çox önəmli matçdır,” – deyə Cokoviç bildirib.

Qeyd edək ki, Sinner 1/4 finalda qazaxıstanlı Aleksandr Bubliki üç setdə məğlub edərək yarımfinala yüksəlib.

Tennis azarkeşləri üçün böyük maraq kəsb edən Yannik Sinnerlə Novak Cokoviç arasında yarımfinal görüşü iyunun 6-da baş tutacaq.

Namiq HUN

tag: Cokoviç,Tennis,Roland,Qarros,Todaypress.tv,