Azərbaycanın III MDB Oyunlarındakı bayraqdarları məlum oldu

İdman

26.09.2025 10:24

III MDB Oyunlarının açılış mərasimində Azərbaycanın bayraqdarları müəyyənləşib.

TodayPress TV Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə istinadən xəbər verir ki, III MDB Oyunlarının açılış mərasimində Azərbaycan bayrağını karateçi Asiman Qurbanlı və taekvondoçu Zemfira Həsənzadə daşıyacaq.

Asiman Qurbanlı üçqat Avropa çempionu, 2019-cu il II Avropa Oyunlarının və III İslam Həmrəyliyi Oyunlarının qalibi, 2011-ci il dünya çempionatının gümüş mükafatçısıdır.

Zemfira Həsənzadə olimpiya çəki dərəcələrində Avropa çempionatının bürünc mükafatçısı, gənclər arasında Avropa çempionudur.

Xatırladaq ki, III MDB Oyunlarının açılış mərasimi sentyabrın 28-də Gəncə şəhərində keçiriləcək. Yarışlar Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi şəhərlərinin 12 idman məkanında təşkil olunacaq.

Namiq HUN

TodayPress TV

tag: III,MDB,Oyunları,Ölkə,Todaypress.tv,