Ayxan Abbasov: “Milli komanda hər birimizin qürurudur”

İdman

30.09.2025 14:54

“Bir yumruq kimi birləşərək, yaxşı nəticələr qazanmaq istəyirik”.

TodayPress TV xəbər verir ki, bu sözləri millinin baş məşqçisi Ayxan Abbasov AFFA-nın mətbuat xidmətinə açıqlamasında deyib.

O, etimadı layiqincə doğrultmağa çalışacağını söyləyib:

“Azərbaycan milli komandasında işləmək hər bir məşqçi üçün böyük şərəf və məsuliyyətdir. Mənə göstərilən etimada görə AFFA rəhbərliyinə təşəkkürümü bildirirəm. Bu etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm. Milli komanda hər birimizin qürurudur. İstər bizim, istərsə də futbolçularımızın üzərində böyük məsuliyyət var. Bir komanda kimi həm meydanda, həm də ondan kənarda ölkəmizi layiqincə təmsil etməyə çalışacağıq. Bir yumruq kimi birləşərək, düzgün yanaşma və komanda ruhu ilə yaxşı nəticələr qazanmaq istəyirik. Qarşıdakı matçlarda layiqli oyun göstərərək, gələcək üçün ümid verməyə çalışacağıq”.

Qeyd edək ki, milli komanda DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Fransa, 13-də isə Ukrayna yığması ilə səfərdə qarşılaşacaq.

Namiq HUN

TodayPress TV

tag: İdman,Futbol,Ayxan Abbasov,Baş məşqçi,Todaypress.tv,