Ançelotti: “Abramoviç məni “Çelsi”dən 14 il əvvəl heç görüşmədən qovdu”
İdman
27.09.2025 11:03
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti yeni nəşr olunan “Arzu - Çempionlar Liqasını qazanmaq” adlı avtobioqrafiyasında 2011-ci ildə “Çelsi”dən qovulmasının təfərrüatlarını açıqlayıb.
TodayPress TV Ançelottinin sözlərinə istinadən xəbər verir ki, klubun o vaxtkı sahibi, rusiyalı oliqarx Roman Abramoviç ondan “Çelsi” ilə Çempionlar Liqasını qazanmağı və komandaya öz üslubunu gətirməyi tələb edib.
İtaliyalı mütəxəssis “Çelsi”də daim yüksək təzyiq altında işlədiyini etiraf edib.
“İnter”ə iki oyunda məğlub olduqdan sonra ertəsi gün Abramoviç bazaya gəldi və nəyin səhv getdiyini soruşdu. Mən heç vaxt belə təzyiq görməmişdim. Berluskoninin tələbləri vardı, amma o, mikromenecmentlik etmirdi. Abramoviç isə hər şeyin mükəmməl olmasını istəyirdi,” – deyə Ançelotti yazır.
Karlo bildirir ki, Fernando Torresin transferi və onun oyunla bağlı qərarları münasibətlərə əlavə gərginlik gətirib:
“Torresi əvəzləməyim Abramoviç üçün birbaşa çağırış idi. Bir anlıq unutdum ki, sonda məşqçi sahibi məğlub edə bilməz”.
O, əlavə edib ki, Çempionlar Liqasındakı uğursuzluq və “Mançester Yunayted”ə məğlubiyyət işdən çıxarılmasına səbəb olub. Qərar isə mövsümün son oyunundan - “Everton”la matçdan dərhal sonra baş direktor Ron Qurley tərəfindən dəhlizdə ona çatdırılıb. Abramoviç şəxsi söhbət belə aparmayıb.
Buna baxmayaraq, futbolçular Ançelottiyə hörmətlərini ifadə ediblər - Eşli Koul, Con Terri, Frenk Lempard və Didye Droqba məşqçiyə Londonda vida şam yeməyi təşkil ediblər. Ançelotti həmin görüşü “unudulmaz” adlandırıb.
İtaliyalı mütəxəssis deyir ki, bu gün də “Çelsi”də keçirdiyi günləri yaxşı xatırlayır və Abramoviçin onu istefaya göndərməsinin bəlkə də düzgün qərar olduğunu düşünür.
Növbəti mövsümdə “Çelsi” Çempionlar Liqasını qazansa da, klub qısa müddət sonra onun varisini də işdən çıxarıb.
Namiq HUN
tag: Karlo Ançelotti,Futbol,Braziliya,Məşqçi,Todaypress.tv,
