Alonso və Hemilton arasında yeni qarşıdurma

İdman

25.10.2025 13:55

“Formula 1” üzrə 2025-ci il dünya çempionatının 20-ci mərhələsi — Meksika Qran-prisinin ikinci sərbəst yürüşü zamanı “Aston Martin” pilotu Fernando Alonso ilə “Ferrari” sürücüsü, yeddiqat dünya çempionu Lyuis Hemilton arasında insident baş verib.

TodayPress TV xəbər verir ki, Alonso onu bloklayan Hemiltonu alqışlayıb, Lyuis isə maşınını Fernando istiqamətinə yönəldib.

Yarışın bir döngəsində Hemilton Alonsoya mane olub. İspan pilot bundan sonra bolidini britaniyalının maşınına paralel gətirərək ona alqışlarla reaksiya verib.

Bundan sonra Lyuis gözlənilmədən “Ferrari” bolidini “Aston Martin” istiqamətinə yönəldib. Alonso qəfil reaksiyaya məcbur qalıb və sükanı kəskin şəkildə sağa çevirərək toqquşmanın qarşısını alıb.

Qeyd edək ki, ikinci sərbəst yürüşün nəticələrinə görə, Hemilton beşinci, Alonso isə səkkizinci olub. Sessiyanın ən yaxşı nəticəsini “Red Bull” pilotu Maks Ferstappen göstərib — 1:17.392. İlk üçlükdə Şarl Lekler (“Ferrari”, +0.153) və Andrea Kimi Antonelli (“Mercedes”, +0.174) də yer alıb.

Namiq HUN

TodayPress TV

tag: Fernando Alonso,Lyuis Hemilton,qarşıdurma,Formula 1,Todaypress.tv,