Zamanın TƏLƏBİ: TDT dövlətlərinin birgə hərbi təlimləri gündəmdə...

Hərbi

06.01.2026 16:06

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin birgə hərbi təlimlər keçirməsinin vacibliyini vurğulayaraq, “Hesab edirəm ki, TDT-nin birgə hərbi təlimlərinin keçirilməsinə ehtiyac var”, – deyə bildirib.

Bəs Azərbaycanın da üzv olduğu TDT-yə daxil olan dövlətlərin birgə hərbi təlimlər keçirməsi  ölkəmiz və təşkilat üçün hansı əhəmiyyəti daşıyır?

Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan zabiti, hərbi ekspert Ədalət Verdiyev bu barədə TodayPress TV-yə danışıb.


O vurğulayıb ki, dövlət başçısının bu təklifi həm üzv ölkələrin milli maraqları, həm də regional və qlobal təhlükəsizlik problemlərinin həlli baxımından olduqca aktual və uğurlu platformadır.   

Onun sözlərinə görə, hazırda dünyada baş verən müharibələr, silahlı münaqişələr və döyüş əməliyyatları bir daha göstərir ki, təhlükəsizlik problemi qlobal gündəmin əsas mövzusu olaraq qalır. Eyni zamanda, bu münaqişələrin bir qismi Türk Dövlətləri Təşkilatına üzv ölkələrin sərhədlərindən uzaqda olmadığına görə, əlavə risklər yaradır. 

"TDT-yə üzv dövlətlərin hərbi hissə və birləşmələrinin birgə təlimləri həmin ölkələrin mövcud və potensial təhdidlərə qarşı koordinasiyalı, sinxronlaşdırılmış və uzlaşdırılmış fəaliyyətini təmin edəcək. Bu isə bütün üzv dövlətlərin təhlükəsizlik maraqlarına tam uyğundur".  

Ədalət Verdiyevin fikrincə, birgə hərbi təlimlər eyni zamanda TDT-yə üzv ölkələr arasında qərargahların qarşılıqlı fəaliyyətini gücləndirəcək, hərbi planlaşdırma, idarəetmə və əməliyyat təcrübəsinin paylaşılması üçün geniş imkanlar yaradacaq. Bu amil təşkilat daxilində hərbi əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə xidmət edəcək.  

Nicat Osman

TodayPress TV

tag: Ədalət Verdiyev,Ekspert,TDT,Təlim,Todaypress.tv,