Zabitlərin hərbi xidmət müddətinin azaldılması nə vəd edir? – AÇIQLAMA
Hərbi
27.11.2025 13:19
Milli Məclis zabitlərin dinc dövrdəki həqiqi hərbi xidmət müddətinin 6 ay azaldılması haqqında dəyişikliyi ilk oxunuşda qəbul edib. Beləliklə, zabitlərin xidmət müddətinin 1 il olması nəzərdə tutulur.
Məsələ ilə bağlı Silahlı Qüvvələrin ehtiyatda olan zabiti, hərbi ekspert Ədalət Verdiyev TodayPress TV-yə danışarkən bildirib ki, Prezident İlham Əliyev tərəfindən Silahlı Qüvvələr qarşısında qoyulan əsas vəzifə artıq icra edilib.

Azərbaycan torpaqları düşmən işğalından azad olunub, diplomatik sahədə isə qələbələr davam edir. Ermənistan bir neçə dəfə kapitulyasiya sənədləri imzalayıb, sülh sazişi isə paraflanıb.
Onun sözlərinə görə, artıq Azərbaycanın gündəmi müharibə və ordunun sayının artırılması deyil. Hazırkı mərhələdə əsas prioritetlər azad edilmiş ərazilərin bərpası, Silahlı Qüvvələrin kompakt şəkildə saxlanılması və ordunun modernləşdirilməsidir. Bu vəziyyət zabitlərin xidmət müddətinin bir il altı aydan bir ilə endirilməsinə imkan yaradır.
Ekspert qeyd edib ki, dövlət zərurət olmadığı halda xidmət müddətini azaltmaqla hərbi qulluqçulara mülki həyata daha tez qayıtmaq, öz karyeralarını və şəxsi həyatlarını daha erkən qurmaq imkanı yaradır. Ədalət Verdiyev bu qərarı həm sosial, həm də hərbi baxımdan müsbət addım kimi dəyərləndirir.
O hesab edir ki, bu dəyişiklik Azərbaycan ordusunun modernləşmə prosesinin və yeni təhlükəsizlik reallıqlarına uyğun çevik struktur siyasətinin daha bir mərhələsi kimi qiymətləndirilməlidir.
Nicat Osman
tag: Ədalət Verdiyev,Ekspert,Azərbaycan,Zabit,Xidmət,Todaypress.tv,
