Vətəndaşın yenidən komissiyadan keçməyə məcbur edilməsi əlavə yükdür – Polkovnik
Hərbi
05.12.2025 18:12
Müxtəlif illərdə hərbi xidmətə çağırışla bağlı möhlət hüququ alan şəxslərin sağlamlıq vəziyyəti, möhlət hüququnun 3 illik müddəti başa çatmadan yenidən möhlət hüququnun verilməsi kimi hallar yoxlanılır. Bu zaman müxtəlif qanunsuzluqlar ortaya çıxır.
Ehtiyatda olan zabit, polkovnik Rövşən Məhərrəmov TodayPress TV-yə açıqlamasında sözügedən prosesdə bir sıra boşluqların qaldığını bildirib.

Hərbi xidmətə çağırışla bağlı son qanun dəyişiklikləri bir sıra müzakirələrə səbəb olub. Xidmət yaşı 18–30 olaraq müəyyənləşdirildikdən sonra tibbi müayinələrin keçirilməsi mexanizmi də dəyişdirilib.
Polkovnikin sözlərinə görə, qanuna əsasən xidmətə yararlılıqla bağlı tibbi müayinələrin üç ildən bir keçirilməsi nəzərdə tutulsa da, bəzi hallarda bu müddətdən daha tez komissiyaya çağırış halları müşahidə olunur ki, bu da qanunla ziddiyyət təşkil edir:
“Əgər qanunda üç ildən bir tibbi komissiya tələb olunursa, vətəndaşın bundan daha tez müayinəyə çağırılması düzgün deyil. Bu həm qanuna uyğun deyil, həm də əlavə vaxt itkisinə səbəb olur”.
O, qeyd edib ki, illər öncə tibbi müayinələr rayon hərbi komissarlıqları tərəfindən təşkil olunur, vətəndaşlar müxtəlif tibb müəssisələrinə göndərişlərlə yönləndirilirdi. Müayinələrin nəticələri komissarlıqlara poçt vasitəsilə göndərilir, zərurət yaranarsa materiallar Respublika Hərbi Həkim Komissiyasına təqdim olunurdu.
Yeni qaydalara görə, artıq prosesin bir hissəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında yaradılmış qurum tərəfindən elektron sistem üzərindən aparılır. Təqdim edilən göndərişlər SMS vasitəsilə vətəndaşlara bildirilir və onlar müəyyən olunmuş tarixlərdə dövlət tibb müəssisələrində müayinədən keçirlər.
Polkovnik bildirib ki, bir sıra xroniki və müalicəsi olmayan xəstəliklər – o cümlədən ortopedik problemlər, köklük (piylənmə), ciddi ürək xəstəlikləri, surunkalı oynaqlarda deformasiya və ya digər ağır patologiyalar – ilkin mərhələdə “xidmətdən azadolma” qərarı ilə nəticələnir.
Onun sözlərinə görə, belə hallarda vətəndaşın hər üç ildən bir yenidən komissiya keçməyə məcbur edilməsi həm şəxs üçün, həm də komissarlıqlar üçün əlavə yük yaradır:
“Əgər ilkin komissiya xəstəliyin müalicəsi olmadığını və vətəndaşın hərbi xidmətə yararsız olduğunu müəyyənləşdiribsə, həmin şəxsin üç ildən bir təkrar komissiyaya çağırılması məntiqsizdir. Bu, həm komissarlıqların vaxtını alır, həm də insanları bəzi hallarda illərlə eyni prosedura cəlb edir”.
Ekspert vurğulayıb ki, yüngül və müalicəsi mümkün olan xəstəliklərdə vəziyyət fərqlidir. Belə şəxslərə verilən möhlət müddəti başa çatdıqdan sonra onların yenidən çağırılması qanuna uyğundur:
“Məsələn, gözlə bağlı problem əməliyyatla aradan qalxıbsa, yaxud yüngül xroniki xəstəlik müalicə olunubsa, təbii ki, şəxs təkrar çağırılaraq xidmətə yararlı sayıla bilər.”
Lakin o hesab edir ki, möhlət müddəti üç il müəyyən edilibsə, vətəndaş üç ildən tez çağırılmamalıdır. Möhlət üç ildirsə, bu müddət bitmədən çağırış düzgün deyil. Dinc dövrdə “xidmətdən tam azad” qərarı almış şəxslər yenidən çağırılmır. Lakin qanunvericiliyə əsasən, hərbi vəziyyət elan olunduğu halda, həmin şəxslər yenidən tibbi komissiyaya cəlb oluna və vəziyyətin ağırlığından asılı olaraq xidmətə çağırıla bilərlər.
Nicat Osman
tag: Rövşən Məhərrəmov,Polkovnik,Hərbi xidmət,Komissiya,Todaypress.tv,
