Son 5 ildə Silahlı Qüvvələrimiz artan gücü! - RƏY
Hərbi
01.01.2026 15:14
“Vətən müharibəsindən sonra Azərbaycan Silahlı Qüvvələri ciddi nailiyyətlər əldə edib və bu gün istənilən şəraitdə qarşıya qoyulan vəzifələri yerinə yetirmək imkanına malikdir”.
Bunu TodayPress TV-yə açıqlamasında Silahlı Qüvvələrin ehtiyatda olan zabiti, hərbi ekspert Ədalət Verdiyev deyib.

O bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin yüksək potensialı sayəsində ölkəmiz artıq beynəlxalq reytinqlərdə ilk 50 ölkə arasında yer alır və müharibədən sonrakı dövrdə ordu quruculuğu istiqamətində mühüm addımlar atılıb.
Onun sözlərinə görə, ilk növbədə xüsusi təyinatlı qüvvələrin və komando birliklərinin tərkibi əhəmiyyətli dərəcədə genişləndirilib.
Ekspert vurğulayıb ki, Azərbaycan qarşısında duran istənilən vəzifəni yerinə yetirmək üçün ən müasir silah və texnikaları silahlanmaya qəbul edib və bu proses sistemli şəkildə davam etdirilir:
“Azərbaycan ən müasir silahları, o cümlədən yeni hava hücumundan müdafiə sistemlərini, qanadlı raketləri, müasir qırıcıları, yüksək hündürlükdə uzun müddət vəzifə icra edə bilən zərbə tipli pilotsuz uçuş aparatlarını, eləcə də yerli müdafiə sənayesinin istehsal etdiyi çoxsaylı vasitə və avadanlıqları silahlanmaya qəbul edib. Həyata keçirilən bu tədbirlər nəticəsində Azərbaycan ordusu günün istənilən saatında, ilin istənilən fəslində, müxtəlif coğrafi və iqlim şəraitlərində tapşırıqları icra etmək imkanları qazanıb. Azərbaycan qlobal gücdən orta güc dövlətinə çevrilib".
Ə. Verdiyev sonda qeyd edib ki, dünyada baş verən uzunmüddətli müharibə və münaqişələr fonunda Azərbaycan öz təhlükəsizliyini təmin etmək üçün zəruri olan bütün addımları atıb və təhlükəsizlik məsələsi yaxın gələcəkdə də ölkə üçün əsas prioritet olaraq qalacaq.
Xatırladaq ki, Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bildirib ki, son 5 il ərzində Azərbaycan Silahlı Qüvvələri öz gücünü böyük dərəcədə artırıb.
Dövlətimizin başçısı vurğulayıb ki, yeni silahlar və texnika ilə təchiz edilmiş Ordumuz bu gün istənilən vəzifəni icra etməyə qadirdir.
Aysel Mətləb
tag: Azərbaycan,Silahlı Qüvvələr,Ordu,Komanda,Todaypress.tv,
