İrana Səudiyyə CAVAB VERƏCƏK: NÜVƏ RİSKİ artır!
Hərbi
05.02.2026 17:46
Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Ceyms Devid Vens bildirib ki, İranın nüvə silahı əldə etməsi Səudiyyə Ərəbistanının cavab olaraq nüvə proqramı başlatmasına səbəb ola bilər.

Bəs bu addım regionda nəzarət balansına necə təsir göstərə bilər?
Məsələ ilə bağlı Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan zabiti, hərbi ekspert Ədalət Verdiyev TodayPress TV-yə danışıb.

O bildirib ki, nüvə silahına malik olan ölkələrin sayının artması regiona kifayət qədər böyük təhdidlər vəd edir.
“O cümlədən də İranın nüvə silahına malik olması böyük təhlükələr yarada bilər. Odur ki, ABŞ İranın nüvə silahı yaratmasına imkan verməyəcək və bu fəaliyyətlərin qarşısını almaq üçün də bir çox ölkələr, İsrail və Səudiyyə Ərəbistanı da İrana qarşı addımlarını davam etdirəcək. İran əlində olan bütün hərbi potensialdan qonşu və digər regionda mövcud olan İslam ölkələrinə qarşı təhdid üçün daha çox istifadə edir. Səudiyyə bu faktı nəzərə alır. Məhz buna görə də Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, hətta Azərbaycan da İranın nüvə proqramının miqyasından dərin narahatlıq keçirirlər”.
Ekspert qeyd edib ki, ABŞ-nin İranın nüvə proqramının qarşısının alınması üçün atdığı addımlar regionun demək olar ki, bütün ölkələrinin maraqlarına cavab verir.

“Sadəcə, bu böhranlı vəziyyətin müharibəsiz nəticə əldə etməsi çox vacibdir. Təbii ki, İranda mümkün əməliyyatlar və onun qonşu ölkələrə də müəyyən təsirləri nəzərə alınmalıdır"- deyə o vurğulayıb.
Nicat Osman
tag: Ədalət Verdiyev,Ekspert,İran,Səudiyyə Ərəbistanı,Todaypress.tv,
