Hərbi təlimlərə getməyənləri cəza gözləyir - DİQQƏT!

Hərbi

04.11.2025 15:50

Hərbi xidməti başa vuran və ehtiyatda olan şəxslər zərurət yarandıqda hərbi təlimlərə, yoxlamalara və ya xüsusi toplanışlara çağırıla bilirlər.

Bəs təlimlərdə iştirakdan imtina edən şəxsi hansı məsuliyyət gözləyir?

Məsələ ilə bağlı hərbi ekspert Ədalət Verdiyev TodayPress TV-yə açıqlamasında bildirib ki, çağırışçılar və hərbi vəzifəlilər üzrlü səbəb olmadan hərbi komissarlığın çağırışına gəlmədikdə inzibati qaydada cəzalandırılırlar. 

Onun sözlərinə görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsinə əsasən, bu qaydanı pozan şəxslər 300 manatdan 500 manatadək cərimə edilir və ya 160-240 saat ictimai işlərlə cəzalandırıla bilərlər.

Əgər bu tədbirlər nəticə verməzsə və şəxs çağırışdan bilərəkdən və davamlı şəkildə yayınarsa, məsələ artıq cinayət xarakteri alır:

"Bu halda həmin şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 321-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb olunurlar. Bu maddəyə əsasən, hərbi toplanışlardan qəsdən yayınan şəxslər cərimə, islah işləri və ya azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər".

Ekspert həmçinin vurğulayıb ki, çağırışdan yayınma təkcə qanun pozuntusu deyil, həm də dövlətin müdafiə sisteminə qarşı hörmətsizlik kimi qiymətləndirilir:

"Ehtiyatda olan hər bir vətəndaş başa düşməlidir ki, hərbi təlimlər yalnız fərdi məsuliyyət deyil, ümumi təhlükəsizlik məsələsidir. Bu, ölkənin müdafiə potensialını qorumaq və fövqəladə hallara hazır olmaq üçün vacibdir".

Ədalət Verdiyev sonda qeyd edib ki, əgər çağırışa gəlməmək üçün üzrlü səbəb varsa, (səhhət, ailə vəziyyəti və ya digər rəsmi əsaslar) bu barədə əvvəlcədən hərbi komissarlığa məlumat verilməlidir. Əks halda, qanunvericilikdə nəzərdə tutulan inzibati və cinayət cəzaları istisna olunmur.

Türkan İsgəndərli

tag: Ədalət Verdiyev,Hərbi ekspert,Çağırış,Hərb,Todaypress.tv,

photo