Hərbçilərin MƏNZİL PROBLEMİ niyə həll olmur?
Hərbi
04.12.2025 18:00
Sosial şəbəkələrdə Silahlı Qüvvələrdə 20 il və artıq qulluq edən hərbi qulluqçuların uzun illərdir mənzil növbəsinə yazılmasına baxmayaraq hələ də mənzillə təmin edilmədiyi barədə paylaşımlar artmaqdadır.
Bəs hərbçilərə ev verilməsi niyə belə çətindir ?
Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan zabiti, polkovnik Üzeyir Cəfərov TodayPress TV-yə açıqlamasında bildirib ki, hazırda mənzil növbəsində olan yüzlərlə, hətta minlərlə hərbçi uzun illərdir gözləyir və prosesin ləng getməsi ciddi narazılıq yaradır.

"Silahlı Qüvvələrdə 20 ildən artıq xidmət etmiş hərbi qulluqçuların mənzillə təminatı məsələsi illərdir müzakirə mövzusudur. Sosial şəbəkələrdə bu barədə müxtəlif məlumatlar yayılır. Onlar arasında dəqiqi də var, şişirdilmişi də, qeyri-real olanı da."
Onun sözlərinə görə, Milli Məclisdə 2026-cı il dövlət büdcəsinin müzakirəsi zamanı bu istiqamətdə növbəti il üçün də 35 milyon manat vəsaitin ayrılması barədə fikir səsləndirilib. Bu vəsait yalnız Bakı üçün deyil, Sumqayıt, Gəncə və digər şəhər və rayonlarda hərbçilər üçün mənzil alınmasına yönəldiləcək.

Polkovnik hesab edir ki, ayrılan vəsaitə baxmayaraq, indiki templə davam etsə, proses daha uzun illər vaxt alacaq:
“Bu məsələ öz həllini tapmalıdır və əslində çətin deyil. Təəssüf ki, bəzi şəxslər bu sahəni özləri üçün bir növ monopoliyaya çeviriblər. Ev problemi onları qətiyyən maraqlandırmır, çünki öz mənzilləri var. Digərlərinin problemi isə ikinci dərəcəli hesab olunur. Əməli tədbirlər görülməsə, bu məsələ daha illərlə uzanacaq. Mənzil növbəsində olanların gözləntiləri böyükdür və bu insanlar artıq nəticə görmək istəyirlər”.
Üzeyir Cəfərovun sözlərinə görə, hərbçilərin mənzil təminatı məsələsi nə qədər gecikdirilsə, sosial narazılıq o qədər artacaq və problemin miqyası genişlənəcək.
Nicat Osman
tag: Üzeyir Cəfərov,Hərbi Ekspert,Polkovnik,Hərbçi,Mənzil problemi,Todaypress.tv,
