Azərbaycan və NATO əlaqələri güclənir!
Hərbi
12.12.2025 13:43
Son zamanlar Azərbaycan və NATO nümayəndə heyətləri arasında müntəzəm görüşlər keçirilir.
Maraqlıdır, bu görüşlər Azərbaycan və NATO əlaqələrinin güclənməsinə necə təsir edəcək?
Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan zabiti, hərbi ekspert Ədalət Verdiyev bu barədə TodayPress TV-yə danışarkən bildirib ki, Azərbaycan və NATO əlaqələrinin güclənməsi ölkəmizin beynəlxalq nüfuzunu artırmaqla yanaşı, Silahlı Qüvvələrin hərbi potensialına da müsbət təsir göstərəcək.

Onun sözlərinə görə, Azərbaycan ilə NATO arasındakı əməkdaşlığın tarixi kifayət qədər uzunmüddətlidir.
"1994-cü ildən başlayaraq ölkəmiz NATO ilə bir çox proqramlarda yaxından əməkdaşlıq edib. Azərbaycan dəfələrlə NATO-nun sülhə dəstək əməliyyatlarına əhəmiyyətli töhfə verib, alyansın müttəfiq və tərəfdaşları ilə əməkdaşlıq edərək, enerji təhlükəsizliyinin təmin olunmasında da önəmli rol oynayıb. Ümumiyyətlə, Azərbaycan bütün bu proqramlar və layihələr çərçivəsində NATO-nun ən etibarlı tərəfdaşlarından biri kimi tanınır".
Ekspert vurğulayıb ki, Azərbaycan ilə NATO arasındakı əlaqələr ortaq maraq kəsb edən geniş spektrli məsələlər üzrə dialoq və əməkdaşlığı əhatə edir. Buraya həm qlobal, həm də regional təhlükəsizlik məsələləri daxildir.
"Əldə edilən qələbələr və regionda yaranan yeni reallıqlar fonunda Azərbaycanın beynəlxalq nüfuzu kifayət qədər artıb. Bu münasibətlərin inkişaf etdirilməsi Silahlı Qüvvələrin hərbi potensialına müsbət təsir göstərəcək. Digər tərəfdən, NATO ilə əməkdaşlıq mövcud təhlükəsizlik təhdidləri ilə mübarizə, humanitar sahələrdə və digər sahələrdə əməkdaşlığın daha da genişlənməsinə imkan yaradacaq"- deyə Ə.Verdiyev fikrini yekunlaşdırıb.
Xatırladaq ki, son olaraq dekabrın 9-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov “16-cı NATO günləri” çərçivəsində ölkəmizdə səfərdə olan Alyansın Avropa Ali Müttəfiq Qüvvələr Komandanlığının (SHAPE) Qərargah rəisinin müavini, Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Yusuf Karagüllenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüş zamanı müdafiə naziri Azərbaycan–NATO əlaqələrinin peşəkar hərbi kadrların inkişafına verdiyi töhfələri, həmçinin Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində ölkəmizin əlavə qüvvələrin Ortaq Qüvvələr Birliyinə bəyan edilməsini vurğulayıb.
Nicat Osman
tag: Ədalət Verdiyev,Ekspert,Azərbaycan,NATO,Todaypress.tv,
