Ramiz Mehdiyevin həbsi bu məmurların cəzalandırılmasını tətikləyəcək - AÇIQLAMA

Gündəm

16.10.2025 18:00

"Ramiz Mehdiyevin həbsi rəsmi qurumlar daxilində gizli təsirlərin ortaya çıxmasına səbəb olan bir addım kimi qiymətləndirilə bilər".

Siyasi məsələlər üzrə ekspert Kamran Sultanlı bunu TodayPress TV-yə açıqlamasında deyib.

O bildirib ki, hüquqi yoxlamalar, əmlakların mənşəyi və vəzifəyə təyinatların arxasındakı bağlantılarla bağlı sualların cavablandırılması gözlənilir:

"Bu, daha çox kölgə iqtisadiyyatının ortaya çıxarılması və qeyri-qanuni ticarətə nəzarət baxımından vacib ola bilər. Azərbaycan idarəçilik modelində “prezident hakimiyyəti”, “dövlətin bütün sahələrdə idarəetmədə iştirakı”, eləcə də “kadr islahatları” kimi yanaşmalar diqqət mərkəzindədir.

Bu həbs məhz həmin islahatların daha da gücləndirilməsi istiqamətində atılmış addım kimi qiymətləndirilə bilər. Eyni zamanda Azərbaycan rəhbərliyi Rusiya ilə münasibətlərin normallaşmasına baxmayaraq, heç kimin ölkənin daxili işlərinə və suverenliyinə müdaxiləsinə imkan verməyəcəyini, bunun Azərbaycanın “qırmızı xətti” olduğunu bir daha göstərir".

Analitik ehtimal edir ki, Ramiz Mehdiyevlə bağlı məlumatlar çoxdan mövcud olub, sadəcə, ölkədə sabitliyi qorumaq üçün yekun araşdırmaların başa çatması gözlənilib. İndi isə “Pandora qutusu” açılır. Bu, korrupsiyaya bulaşmış, uzun illər ictimai narazılığa və qınağa səbəb olmuş məmurların cəzalandırılması üçün tətikləyici bir məqam ola bilər.

Qeyd edək ki, Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə bu il oktyabrın 14-da qərar qəbul edib.

Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

Qiymət Mahir

tag: Kamran Sultanlı,Politoloq,Ramiz Mehdiyev,Məmurlar,Todaypress.tv,

photo