İran Naxçıvanı BUNA GÖRƏ vurub - SENSASİON AÇIQLAMA

Gündəm

05.03.2026 14:34

“İranın molla rejimi Naxçıvan hava limanına zərbə endirməklə özünün əsl simasını bir daha dünya ictimaiyyətinə nümayiş etdirmiş oldu. Bu xain hücum Azərbaycan dövlətinə qarşı məqsədyönlü şəkildə həyata keçirilən təxribatdır”.

Hərbi ekspert Ədalət Verdiyev bunu TodayPress TV-yə açıqlamasında deyib.


O dünən Azərbaycan Prezidenti İlham Əliyevin İranın Ali Dini rəhbəri Əli Xameneinin ölümü ilə bağlı İranın Azərbaycandakı səfirliyinə gedərək başsağlığı verməsini xatırladıb: 

“Bununla paralel olaraq, Türkiyə ərazisinə zərbə endirildi, bu gün isə Azərbaycan ərazisinə — Naxçıvan hava limanına dron hücumu həyata keçirildi. Bu zərbələrin əsas məqsədi Azərbaycan ilə Naxçıvan arasında mövcud olan yeganə əlaqə yolu olan hava limanını dağıntılara məruz qoymaq və bu əlaqəni kəsməkdən ibarət olub”.

Ə.Verdiyev Azərbaycanın buna bənzər addımlarla Birinci Qarabağ müharibəsi zamanı da qarşılaşdığını bildirib:

“Həmin dövrdə bu cür addımları Ermənistan atırdı. İndi isə eyni addımın İran tərəfindən atıldığını müşahidə edirik. Hesab edirəm ki, bu addımlar cavabsız qalmayacaq. İran tərəfinin bunu təkzib etməsi də gözləniləndir. Azərbaycan tərəfi zəruri olan bütün addımları atacaq”.

Xatırladaq ki, İrandan Naxçıvana martın 5-də günorta radələrində dron hücumları həyata keçirilib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb. Nəticədə 2 nəfər xəsarət alıb.

Azərbaycan Xarici İşlər Nazirliyi dərhal bəyanat yayaraq bildirib ki, Azərbaycan ərazisinə bu hücum beynəlxalq hüququn norma və prinsiplərinə ziddir, regionda gərginliyin artmasına xidmət edir. 

Həmçinin İran səfiri Müctəba Dəmirçilu Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. 

Qeyd olunub ki, İran tərəfinə kəskin etiraz bildirilərək müvafiq etiraz notası təqdim ediləcək.

Qiymət Mahir

TodayPress TV

tag: Ədalət Verdiyev,Hərbi ekspert,İran,Naxçıvan,Todaypress.tv,