Bütün ölklələrə 10 FAİZLİK RÜSUM: İqtisadiyyata hansı təsirləri olacaq?

Gündəm

21.02.2026 14:54

“Amerika Prezidenti Donald Tramp tərəfindən qlobal 10 faiz əlavə tarif tətbiqi barədə verilən qərar dünya ticarətinə birbaşa təsir göstərə bilər”. 

Bu fikirləri TodayPress TV-yə açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.


Onun sözlərinə görə, belə addım ABŞ-yə idxal olunan bütün malların bahalaşmasına, bunun nəticəsində isə qlobal bazarlarda qiymət artımına və ticarət mübahisələrinin güclənməsinə səbəb ola bilər:

“Xüsusilə ABŞ ilə geniş ticarət əlaqələri olan ölkələr ixracın azalması, gəlirlərin düşməsi və yeni rüsumlara uyğunlaşma xərcləri ilə üzləşə bilərlər. Qlobal səviyyədə bu cür tariflər tədarük zəncirlərini dəyişdirə, şirkətləri istehsalı başqa ölkələrə köçürməyə məcbur edə və bəzi məhsullar üzrə qıtlıq və ya qiymət artımı yarada bilər. Eyni zamanda digər böyük iqtisadiyyatların cavab addımları atması ehtimalı var ki, bu da ticarət müharibəsi riskini artırır”.

İqtisadçı vurğulayıb ki, ABŞ Azərbaycanın əsas ticarət tərəfdaşı deyil, buna görə də qərarla birbaşa böyük ixrac itkisi gözlənilmir: 

“Lakin qlobal enerji bazarlarında dalğalanma baş verərsə, bu, neft və qaz qiymətlərinə təsir edə bilər. Enerji qiymətlərinin düşməsi büdcə gəlirlərini azalda, artması isə əksinə müsbət təsir göstərə bilər. Bundan başqa, dünya iqtisadi artımının zəifləməsi investisiya axınlarını azalda və regionda iqtisadi fəallığı zəiflədə bilər. Digər tərəfdən, bəzi hallarda yeni ticarət marşrutları və alternativ bazarlar yarana bilər ki, Azərbaycan da tranzit və logistika imkanlarını genişləndirməklə bundan faydalana bilər”. 

Ekspertin fikrincə, əsas risk qlobal iqtisadi qeyri-müəyyənliyin artması və bunun dolayı təsirləridir.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bütün ölkələrə şamil olunan qlobal 10 faizlik tarif tətbiqi barədə sərəncam imzalayıb.

Türkan İsgəndərli

TodayPress TV

tag: Akif Nəsirli,Sədr,Tramp,Tarif,Todaypress.tv,