İrəvanda tarixi fürsət! – Fərhad Məmmədovun AÇIQLAMASI

Gündəm

23.10.2025 16:30

Oktyabrın 22-də İrəvanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa müzakirəsi təşkil olunub.


Görüşdə iştirak edən Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov TodayPress TV-yə danışıb. 

O qeyd edib ki, görüş hökumətlər tərəfindən dəstəklənib:

"Təşkilati baxımdan hər iki hökumət prosesə səy göstərdi. “Azərbaycan Hava Yolları”na məxsus təyyarə uzun illər sonra ilk dəfə Ermənistanın paytaxtına eniş etdi. Görüş çərçivəsində bir sıra məsələlər müzakirə olundu. Əslində, beynəlxalq tədbirlərdə və xarici təşkilatların təşkil etdiyi müzakirələrdə erməni ekspertlərlə görüşürük, lakin budəfəki görüş sırf ikitərəfli formatda baş tutdu. Burada üçüncü tərəf təşkilatçılıq, təşəbbüs və iştirakda yer almadı".


Ekspert birgə fəaliyyətin təşkilinin artıq aktual xarakter daşıdığını bildirib:

"Vaşinqton görüşündən sonra imzalanan birgə bəyanatdan sonra elə bir mühit formalaşıb ki, hökumətlər qarşılıqlı addımlar atır və müəyyən dərəcədə birgə fəaliyyət təmin olunub. Tarixi şərait yaranıb, artıq vətəndaş cəmiyyəti, ekspert və media səviyyəsində də qarşılıqlı müzakirələr və birgə fəaliyyətin təşkili aktual xarakter daşıyır. Məhz bu mərhələnin mahiyyətini nəzərə alaraq belə bir addım atıldı. Ümid var ki, bu format davamlı olacaq, belə görüşlərin təşkili normaya çevriləcək və diplomatik, iqtisadi, eləcə də vətəndaş cəmiyyəti dialoqu səviyyəsində ikitərəfli format qorunub saxlanılacaq".


Qeyd edək ki, dəyirmi masada Azərbaycan tərəfini Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov, Topçubaşov Mərkəzinin həmtəsisçisi və direktoru Rusif Hüseynov, Milli QHT Forumu İdarə Heyətinin sədri Ramil İskəndərli, 1news.az xəbər portalının baş redaktoru Kəmalə Məmmədova, Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin Qadınlar Sülh və Əmin-Amanlıq Mərkəzinin rəhbəri Dilarə Əfəndiyeva, Ermənistan tərəfini isə Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanyan, Narek Minasyan və Samvel Meliksetyan təmsil ediblər. Görüşdə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da iştirak edib. O, bu cür təşəbbüslərin İrəvan-Bakı münasibətlərinin normallaşması prosesinin vacib tərkib hissəsi olduğunu vurğulayıb. Həmçinin bildirib ki, belə görüşlər iki ölkə cəmiyyətləri arasında qarşılıqlı etimadın möhkəmlənməsi və birbaşa dialoqun formalaşmasına xidmət edir. 

Qiymət Mahir

TodayPress TV

tag: Fərhad Mehdiyev,CQAM,İrəvan,Görüş,Todaypress.tv,