Qüdrət Həsənquliyev: “TƏBİB-in səlahiyyətləri Səhiyyə Nazirliyinə qaytarılmalıdır”
Gündəm
20.02.2026 13:54
Son günlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin(TƏBİB) ləğvi gündəmə gəlib.
Milli Məclisin deputatı Qüdrət Həsənquliyev bu barədə fikirlərini TodayPress TV ilə bölüşüb.

Onun qənaətincə, çoxsaylı qurumların yaradılması əlavə xərcdir. TƏBİB-in funksiyalarını isə birbaşa Azərbaycan Səhiyyə Nazirliyi yerinə yetirməlidir:
"Çoxsaylı agentliklərin və publik hüquqi şəxslərin yaradılması, əslində, dövlətin idarəetmə xərclərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Mən hər zaman dövlət idarəetmə xərclərinin azaldılmasının tərəfdarı olmuşam. Hesab edirəm ki, dövlət yalnız zəruri funksiyaları həyata keçirmək üçün məhdud sayda əməkdaş cəlb etməli və onlara layiqli həyat səviyyəsini təmin edəcək əməkhaqqı verməlidir".
O, vurğulayıb ki, bəzi nazirliklər də ləğv edilməlidir:
“Azərbaycanda, ümumiyyətlə, nazirliklərin sayının da azaldılmasına ehtiyac var. Bu barədə də dəfələrlə mətbuata açıqlama vermişəm. Fikrimcə, ölkədə ən çoxu 11 nazirlik olmalıdır. Bir çox dövlət xidmətləri birləşdirilməlidir. Vaxtilə həmin qurumların əksəriyyəti bir komitə tərkibində fəaliyyət göstərirdi. Həmçinin komitələr birləşdirilməli, agentliklərin və publik hüquqi şəxslərin böyük bir hissəsi ləğv edilməlidir. Ümumilikdə, dövlət idarəetmə sisteminin optimallaşdırılmasına ciddi ehtiyac var. TƏBİB-in səlahiyyətləri isə yenidən Səhiyyə Nazirliyinə qaytarılmalıdır”.
Qeyd edək ki, bir neçə gün əvvəl Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin(TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov vəzifəsindən azad edilib. Bildirilib ki, bu qərar Müşahidə Şurası tərəfindən verilib. Müşahidə Şurasının digər qərarı ilə TƏBİB-in İcraçı direktoru vəzifəsinin müvəqqəti icrası Anar İsrafilova həvalə edilib.
Jalə Rövşən
tag: Qüdrət Həsənquliyev,Deputat,TƏBİB,Səhiyyə Nazirliyi,Todaypress.tv,
