“Hadisə ciddi araşdırılmalıdır” – Fazil Mustafa “İdrak”dakı insidentdən danışdı
Gündəm
06.02.2026 16:32
Milli Məclisin deputatı Fazil Mustafa “İdrak” liseyində baş verən silahla bağlı insidentə münasibət bildirib.
Deputat TodayPress TV-yə danışarkən qeyd edib ki, hazırda hadisənin detalları ilə bağlı ziddiyyətli məlumatlar mövcuddur və bu səbəbdən qəti mövqe bildirmək tezdir.
Onun sözlərinə görə, bəzi iddialara əsasən hadisə məktəbin qarşısında, digərlərinə görə isə təhsil müəssisəsinin daxilində baş verib.
"Ona görə də istintaqın nəticəsini gözləmək lazımdır. Amma bütün hallarda məsələ çox ciddi şəkildə araşdırılmalıdır. Baş verənlər təkcə təhsil sistemi üçün deyil, ümumilikdə cəmiyyət, valideynlər və vətəndaşlar üçün ciddi narahatlıq doğuran hadisədir. Əvvəlki illərdə Neft və Kimya İnstitutunda yaşanan faciəvi hadisə nə qədər böyük faciələr yaşatmışdı. Xoşbəxtlikdən bu dəfə hadisə lokal miqyasda baş verib. Ən azından Allah müəlliməyə can sağlığı, şəfa versin".
Fazil Mustafa hesab edir ki, araşdırma tamamlandıqdan sonra hadisənin bütün təfərrüatları üzə çıxacaq. Onun fikrincə, bu, olduqca ağır bir hadisədir və şagirdlərin psixologiyasında iz buraxa, eyni zamanda cəmiyyətdə ciddi narahatlıq yarada bilər.
Qeyd edək ki, Binəqədi rayonunda yerləşən "İdrak" liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş. insident törədib.
Bildirilib ki, o, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Şəhla Kamilovaya xəsarət yetirib. Ş. Kamilovanın vəziyyəti ağır olaraq qalır.
Türkan İsgəndərli
tag: Fazil Mustafa,Deputat,İdrak,Müəllim,Güllələnmə,Cinayət,Todaypress.tv,
