"Bir ilin sükutu çox şey deyir" — Deputat AZAL qəzasından DANIŞDI
Gündəm
25.12.2025 17:30
“Bu gün Azərbaycan təyyarəsinin Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulmasının ildönümüdür. 38 insanın həyatına son qoyan, 29 nəfərin yaralanmasına səbəb olan bu faciə, eyni zamanda Azərbaycan–Rusiya münasibətlərində illərdir yığılıb qalmış ziddiyyətləri açıq müstəviyə çıxaran siyasi hadisə kimi də dəyərləndirilə bilər”.
Milli Məclisin deputatı Elçin Mirzəbəyli bunu TodayPress TV-yə danışarkən deyib.

O bildirib ki, hadisənin yaratdığı sarsıntı bir il keçməsinə baxmayaraq, aktuallığını itirməyib, əksinə, Moskvanın davranışı faciəni hüquqi və mənəvi müstəvidən çıxararaq strateji etimad böhranına çevirib:
“Azərbaycanın mövqeyi ilk gündən aydındır və beynəlxalq hüquqa əsaslanır. Rusiya üzr istəməli, kompensasiya ödəməli və günahkarları cəzalandırmalıdır. Bunlar emosional deyil, hüquqi və siyasi baxımdan tam əsaslı tələblərdir. Lakin rəsmi Moskva bir il ərzində bu tələblərin heç birini yerinə yetirməyib”.
Maraqlıdır, Rusiya niyə məsuliyyətdən yayınır?
Parlamentarinin sözlərinə görə, Rusiya Federasiyasının bu məsələdəki davranışı təsadüfi deyil. O, Moskvanın kompensasiya ödəməkdən və günahkarları cəzalandırmaqdan yayınmasının bir neçə fundamental səbəbini açıqlayıb:
![]()
“Birincisi, presedent qorxusudur. Rusiya bu hadisəyə görə tam məsuliyyət götürərsə, bu, postsovet məkanında və daha geniş coğrafiyada analoji hallarla bağlı hüquqi presedent yarada bilər. Kreml üçün bu, “toxunulmaz güc” mifinin sarsılması deməkdir.
İkincisi, imperialist təfəkkürdür. Rusiya hələ də postsovet ölkələrinin mühüm hissəsinə bərabərhüquqlu tərəfdaş kimi deyil, təsir dairəsinin obyekti kimi yanaşır. Bu baxış bucağında üzr istəmək və kompensasiya ödəmək “söz sahibi” üçün psixoloji və siyasi zəiflik əlaməti sayılır.
Üçüncüsü, daxili siyasi faktorlardır. Günahkarların cəzalandırılması Rusiya hava hücumundan müdafiə sistemlərindəki struktur problemləri, qərarvermə mexanizmlərindəki xaosu və məsuliyyətsizliyi üzə çıxara bilər. Bu isə müharibə şəraitində olan və qlobal məsuliyyət anlayışına malik olmayan bir dövlət üçün arzuolunan deyil”.
Elçin Mirzəbəyli bildirib ki, Vladimir Putinin hadisədən dərhal sonra “təəssüf” ifadə etməsi, lakin üzr istəməməsi, oktyabrın 9-da Düşənbədə Prezident İlham Əliyevlə görüşdə faktı etiraf edib “lazımi tədbirlərin görüləcəyini” deməsi, amma bu tədbirlərin bir il ərzində görülməməsi Kremlin klassik taktikasıdır. Moskva vaxt uzatmağa, mövzunu gündəmdən çıxarmağa və məsuliyyəti qeyri-müəyyən, amorf bəyanatların arxasında gizlətməyə çalışır.

“Bu faciə Azərbaycan–Rusiya münasibətlərində lakmus kağızına çevrilib. Hadisə göstərdi ki, Moskva praktikada hələ də vertikal münasibət modelinə üstünlük verir. Yəni qərar verən, müəyyən edən və nəticələrə görə real məsuliyyət daşımayan tərəf olmaq istəyir. Azərbaycan isə artıq bu modeldə yer almaq niyyətində deyil. Azərbaycanın istədiyi münasibət forması bərabərhüquqlu, horizontal və qarşılıqlı hörmətə əsaslanan tərəfdaşlıqdır. Rəsmi Bakı üçün bu, emosional seçim deyil, dövlət suverenliyindən və müstəqil siyasi xəttindən irəli gələn strateji zərurətdir. Məhz bu nöqtədə tərəflər arasında baxış fərqi açıq şəkildə üzə çıxır. Rusiya üçün bu hadisə “texniki səhv” və “qapalı məsələ” kimi təqdim olunur, Azərbaycan üçün isə dövlət ləyaqəti, vətəndaşlarının həyatı və beynəlxalq hüququn tətbiqi məsələsidir”, - deyə o əlavə edib.
Millət vəkili diqqətə çatdırıb ki, bir il ərzində Azərbaycan–Rusiya münasibətlərində gərginliyin pik nöqtələri müşahidə olunub:
“Hazırda həmin pik mərhələdə olmasaq da, bu, problemin aradan qalxdığı anlamına gəlmir. Sadəcə, münasibətlər daha soyuq, daha ehtiyatlı və daha rasional mərhələyə keçib. Bundan sonrakı inkişaf üç ssenari üzrə mümkündür.
Birincisi “status-kvo” ssenarisidir. Bu halda Rusiya məsuliyyətdən yayınmaqda davam edəcək, münasibətlər formal çərçivədə saxlanılacaq, lakin strateji etimad bərpa olunmayacaq.
İkincisi, məhdud korrektə ssenarisidir. Bu ssenariyə görə Moskva gecikmiş də olsa müəyyən simvolik addımlar ata bilər, lakin bu addımlar tam hüquqi və siyasi məsuliyyət səviyyəsinə çatmayacaq.
Üçüncüsü isə kəskin yenidənformatlama ssenarisidir. Bu ssenariyə əsasən, Azərbaycan çoxvektorlu siyasətini daha da dərinləşdirə, Rusiyanın regiondakı təsir imkanlarını tədricən daralda bilər.
Reallıq göstərir ki, üçüncü ssenari getdikcə daha real görünür”.
E.Mirzəbəyli bildirib ki, bu gün Rusiyanın diqqəti və resursları Ukrayna müharibəsinə yönəlib. Məhz buna görə Moskvanın postsovet məkanında manevr imkanları məhdudlaşıb. Lakin sual yaranır: müharibə dayandıqdan sonra nə baş verəcək?

Deputatın sözlərinə görə, avropalıların qorxduğu kimi, Rusiya bütün gücü ilə Qərbə yönəlməyə də bilər:
“Daha real ssenari Kremlin diqqətini Mərkəzi Asiya və Cənubi Qafqaza yönəltməsidir. Bu isə Moskvanın “köhnə təsir zonalarını” yenidən sərtləşdirməyə çalışması anlamına gələ bilər. Ancaq burada mühüm bir fərq var. Bu region artıq 1990-cı illərin postsovet məkanı deyil. Azərbaycan kimi ölkələr siyasi, hərbi və diplomatik baxımdan tamamilə fərqli çəkidədir.
Rusiya təyyarə hadisəsinə görə kompensasiya ödəmədikcə və günahkarları cəzalandırmadıqca, məsələ bağlanmış hesab oluna bilməz. Bu nə unudulacaq, nə də sadə “təəssüf” ifadələri ilə aradan qalxacaq. Bu hadisə Azərbaycan–Rusiya münasibətlərində dönüş nöqtəsidir. Moskva ya postsovet ölkələrinə yanaşma tərzini dəyişməli, ya da bu ölkələrin ondan uzaqlaşması ilə barışmalı olacaq. Azərbaycan isə artıq öz seçimini edib: suverenlik, bərabərhüquqlu münasibətlər və milli maraqlar.
Bir ilin sükutu əslində çox şey deyir və bu sükut Moskvanın cavabsız qalan sualları qədər, Bakının gələcək addımlarını da müəyyənləşdirir”.
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də J2-8243 nömrəli Bakı – Qroznı reysini yerinə yetirən AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalıb. İdarəetməni itirmiş hava gəmisi Qazaxıstan Respublikasının Aktau şəhəri istiqamətinə yönəldilərək orada qəza enişi həyata keçirib. Göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfərin isə həyatı xilas edilib.

Xidməti vəzifələrini yerinə yetirərkən yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə həlak olmuş ekipaj üzvlərinə – Kşnyakin İqor İvanoviç, Kalyaninov Aleksandr Georgiyeviç və Əliyeva Hökumə Cəlil qızına ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Sağ qalan ekipaj üzvləri – Əsədov Zülfiqar Sərdar oğlu və Rəhimli Aydan Vaqif qızı isə I dərəcəli “Rəşadət” ordeni ilə təltif olunublar.
Qiymət Mahir
tag: Elçin Mirzəbəyli,Deputat,AZAL,Qəza,Todaypress.tv,
