Əl enerjisi ilə ölümü tezləşdirirmiş - Özbək “həkim”lə bağlı DƏHŞƏTLİ FAKT
Gündəm
13.03.2026 15:21
Bakıda yerləşən “Bİ ES VİP” estetik klinikasında özbək əsilli İqbol Soliyevin xəstələri əl enerjisi ilə müalicə etdiyi iddia olunub. Onun qəbuluna gələn bir xəstənin ödəniş haqqı 60 manat olub və çox sayda insan qəbul üçün növbəyə dayanıb.

İzdihama səbəb olan özbək “həkim” polis əməkdaşları tərəfindən saxlanılıb. Polis idarəsində İqbol Soliyev barəsində qanunvericiliyə uyğun olaraq müvafiq məsuliyyət tədbirləri görülüb.
Onun ölkədən çıxarılması təmin olunub.
Hadisə bioenerji ilə müalicəni yenidən gündəmə gətirib. Maraqlıdır, bu, mümkündür?
Mövzu ilə bağlı TodayPress TV-yə danışan Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, əldə bioenerji ilə müalicə və buna bənzər avantüralar akademik təbabət tərəfindən qəti şəkildə rədd edilir.
Onun sözlərinə görə, tibbdə panaseya (bütün dərdlərə bir dərman) yoxdur, yəni heç bir metod bütün xəstəlikləri müalicə edə bilməz:
“Hər bir xəstəlik həm diaqnostikada, həm də müalicədə fərdi yanaşma tələb edir. Bioenerji dediyimiz üsullar əslində müəyyən istilik effekti yaradan müalicələrdir. Ümumiyyətlə, müxtəlif istilik effekti yaradan fizioterapevtik prosedurlar bəzi xəstəliklərdə simptomatik təsir göstərə bilər. Lakin bioenerji məsələsi tamamilə avantüradır və çox zaman xəstələrin psixologiyasına hesablanıb. Təəssüflər olsun ki, bizim insanlar reklama və hay-küyə çox meyillidirlər”.

Həkim əlavə edib ki, bu cür avantüristlər xəstələri aldadaraq onkoloji xəstəliklər, yəni xərçəng, eləcə də autoimmun xəstəliklərinin ilkin mərhələdə aşkarlanmasını əngəlləyə və gecikdirə bilirlər. Bu isə xəstənin həyatı üçün ciddi təhlükə yaradır.
“Hesab edirəm ki, Səhiyyə Nazirliyində dərman maddələrinin və müalicə vasitələrinin dövlət reyestri olmalıdır. Bu reyestrdə qeyd olunmayan müalicə üsulu ölkə ərazisində tətbiq edilə bilməz. Bu yanaşma qəbul olunsa, avantüralara yer qalmayacaq”.
Türkan İsgəndərli
tag: Adil Qeybulla,Professor,Əl enerjisi,İqbol Soliyev,Özbək həkim,Todaypress.tv,
