Vardanyanla bağlı “Oliqarxın sistemi” filmindəki mesajlar - Ramiz Yunus yazır...
Gündəm
27.12.2025 17:16
“Putinin pul kisəsi” adlandırılan, erməni əsilli rus oliqarxı Ruben Vardanyan haqqında çəkilmiş “Oliqarxın sistemi” filminə baxarkən istər-istəməz 80 il əvvəlki Nürnberq məhkəməsi və “Hitlerin pul kisəsi” kimi tanınan Albert Speer yadımıza düşür.
Albert Speer Hitlerin şəxsi memarı olmaqla yanaşı, Reyxin silahlanma və hərbi istehsal naziri olub və nasist rejiminin süqutundan dərhal sonra — 1946-cı il oktyabrın 1-də Nürnberqdə Beynəlxalq Hərbi Tribunal qarşısına çıxarılıb.
Tribunal Speeri hərbi cinayətlərdə və insanlığa qarşı cinayətlərdə təqsirli bilərək onu 20 il müddətinə azadlıqdan məhrum etdi. O bu cəzanın hamısını 1966-cı ilə qədər Şpandau həbsxanasında çəkdi. Tarix göstərdi ki, “toxunulmazlıq” anlayışı belə cinayətlər üçün mövcud deyil.
Ruben Vardanyan və onun dünyadakı himayədarları — xüsusilə Avropa və ABŞ-də olan dairələr yaxın tarixi yetərincə dərindən öyrənməyiblər.
Məhz buna görə də Azərbaycan bu gün Bakıda keçirilən, erməni separatçıları ilə bağlı müasir Nürnberq prosesində həm hüquqi, həm də mənəvi-əxlaqi baxımdan son dərəcə peşəkar mövqe nümayiş etdirir. Bu proses Qərbin ümumbəşəri dəyərlərə münasibətdə illərdir tətbiq etdiyi ikili standartları və açıq riyakarlığı bütün dünyaya göstərir.
Qərb bir tərəfdən sözlə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edir, digər tərəfdən isə ölkəmizin qələbəsi ilə barışa bilmir.
Eyni yanaşma Ukrayna məsələsində də özünü göstərir. Dildə Ukraynaya dəstək verənlər, əməldə 2014-cü ildə Donbasda qırğının maliyyələşdirilməsində iştirak etmiş, Ukrayna xalqının qanına batmış Ruben Vardanyan üçün timsah göz yaşları axıdırlar. Bu, açıq-aşkar seçici mənəviyyatın təzahürüdür.
Erməni separatçılarını və Ruben Vardanyanı müdafiə etmək üçün Azərbaycana qarşı aparılan siyasi və informasiya hücumları nəticəni dəyişməyəcək. Onların Azərbaycan xalqına gətirdiyi şər cəzasız qalmayacaq. Tarix bunu dəfələrlə sübut edib.
Romalı filosof Mark Tulli Siseron demişdir: “Cəzasızlıq cinayətin ən böyük təşviqidir”
(Xəzər Universitetinin politologiya üzrə professoru Ramiz Yunus)
tag: Vardanyan,Azərbaycan,ABŞ,Ukrayna,Todaypress.tv,
