Zelenski Şmıqalın istefası ilə bağlı iddiaları təkzib etdi

Dünya

21.06.2025 16:36

Ukrayna Prezidenti Volodimir Zelenski, Baş nazir Denis Şmıqalın istefası ilə bağlı yayılan şayiələri təkzib edib.

TodayPress TV xəbər verir ki, o, bu barədə jurnalistlərlə görüşü zamanı açıqlama verib.

“Əgər mən Baş nazirin dəyişdirilməsi qərarını versəydim, bunu ilk növbədə ona bildirərdim. Baş nazir ilə istefa barədə heç bir söhbətimiz olmayıb. Biz uzun illərdir birgə işləyirik. Mən ona həqiqətən hörmət edirəm”, - deyə o açıqlayıb.

Qeyd edək ki, bundan əvvəl Ukrayna Ali Radasının deputatı Yaroslav Jeleznyak Prezident Administrasiyasının Şmıqalı istefaya göndərməyi və hökuməti tam tərkibdə yeniləməyi planlaşdırdığını bildirmişdi. Deputat bu qərarın üç əsas səbəbinin olduğunu açıqlamışdı: “Əslində hökumət artıq dəstəyini itirib, xüsusilə iqtisadi və büdcə sahəsində çoxlu uğursuzluqlar var və ölkədə seçkilərin olmaması səbəbindən hakimiyyət hər hansı bir yenilənmə göstərməlidir”.

13 iyun tarixində isə deputat, Ali Radanın keçmiş sədri Dmitri Razumkov, Şmıqalın rəhbərlik etdiyi hökumətin istefası üçün proses başladığını açıqlayıb. Jeleznyak bu təklifə cavab olaraq, sənədləri məmnuniyyətlə imzalayacağını deyib.

Töhfə Səməd

tag: Ukrayna ,Volodimir Zelenski,Baş nazir,Denis Şmıqal,todaypress.tv,