Yaponiyada insanlara orqan köçürülməsi üçün klonlaşdırılmış donuzlar yetişdiriləcək

Dünya

23.10.2025 13:40

Yaponiyanın “PorMedTec” startapı 2027-ci ilədək insana orqan köçürülməsi məqsədilə klonlaşdırılmış donuzlar yetişdirməyi planlaşdırır.

TodayPress TV xəbər verir ki, “Nikkei Asia” portalının məlumatına görə “PorMedTec” ABŞ-ın “eGenesis” biotexnologiya şirkəti ilə birgə adi donuz hüceyrələrindən istifadə edərək klonlaşdırılmış heyvanlar yetişdirəcək.

Bioloji materialın genetikasının dəyişdirilməsi sayəsində pasientin immunitetinin yeni orqanı rədd etmə ehtimalı azalacaq. Klonlaşdırılmış donuz təsərrüfatı Osaka şəhərində yerləşəcək və ildə təxminən 100 donuz yetişdirəcək. Donuzlar lazım olan ölçüyə çatdıqdan sonra orqanlarının çıxarılması üçün tibbi mərkəzlərə göndəriləcək.

Tibb mütəxəssislərinin sözlərinə görə, donor çatışmazlığı şəraitində insanlara donuz orqanları köçürülə bilər. Belə ki, onların ölçüsü insan orqanlarının ölçüsünə yaxındır.

Qeyd edək ki, ötən ilin fevralında “PorMedTec” startapının aid olduğu Tokionun “Meydzi” Universiteti ilk dəfə olaraq transplantasiya üçün üç klonlaşdırılmış donuz yetişdirdiyini elan edib, noyabrda isə donuz böyrəyi ilk dəfə meymuna köçürülüb.

2025-ci ilin sentyabrında “eGenesis” şirkəti genetik modifikasiya olunmuş donuz böyrəyinin köçürüldüyü xəstənin dializ aparatının köməyi olmadan yeddi ay yaşadığını bildirib.

TodayPress TV

tag: Yaponiya,PorMedTec,Startap,2027,Todaypress.tv,