Türk dünyası rəqəmsal platformada birləşir

Dünya

13.10.2025 13:49

Türk dünyasını ortaq rəqəmsal platformada birləşdirən layihələr kollektiv yaddaşın formalaşmasına töhfə verir və dil birliyini gücləndirir.

TodayPress TV Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) baş katibi Mehmet Süreyya Ərin bildirib.

Məlumata görə, layihələr parlamentlərarası iş harmoniyasını dəstəkləyir, yazışmalarda, sənəd və qanunların tərcümələrində, akademik mətnlərdə dil həssaslığı təmin edir.

TÜRKPA-nın “Qanun” sistemi Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın hüquqi mətnlərini rəqəmsal mühitdə bir araya gətirir və istifadəçilərə türk, Azərbaycan türkcəsi, qazax, qırğız və ingilis dillərində xidmət göstərir. Sistem sənədlərin axtarışı, filtrasiya, işarələmə, fərdi iş fayllarının yaradılması və müqayisəli təhlil funksiyalarını əhatə edir.

“Qamus” layihəsi isə türk dillərinin müqayisəli lüğətini təqdim edir. Türk, Azərbaycan türkcəsi, qazax, qırğız, özbək, türkmən, başqırd, tatar və uyğur dillərini əhatə edən rəqəmsal lüğət elmi mənbələr əsasında hazırlanıb və digər türk dillərinin lüğətləri ilə inteqrasiya ediləcək.

Qeyd edək ki, 2023-cü ildə başlayan layihələr TÜRKPA-nın baş katibi Səfir Ərin himayəsi altında reallaşıb və masaüstü və mobil cihazlarda istifadə oluna bilir.

Sisteme “turkpa.org”, “qanun.turkpa.org” və “qamus.turkpa.org” saytları vasitəsilə daxil olmaq mümkündür.

Jalə Rövşən

TodayPress TV


tag: Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA),Mehmet Süreyya Ərin,“turkpa.org”, “qanun.turkpa.org”,Todaypress.tv,