Keçmiş Filippin lideri 76 nəfərin qətlində günahlandırılır

Dünya

23.09.2025 17:17

Beynəlxalq Cinayət Məhkəməsi (ICC) Filippinin keçmiş prezidenti Rodriqo Duterteyə qarşı insanlıq əleyhinə cinayətlərdə ittiham irəli sürüb.

TodayPress TV "Associated Press"ə istinadən xəbər verir ki, məhkəməyə təqdim edilmiş ittihamlara görə, Duterte prezident və Davao şəhərinin meri olduğu dövrdə ən azı 76 nəfərin qətlində əli olmaqda günahlandırılır.

İttihamlar arasında narkotiklə bağlı şübhəlilərə qarşı zorakı hərəkətlərə göstəriş vermək, icazə vermək və qətlləri həyata keçirməkdə iştirakı göstərilir. Konkret olaraq, 2013-2016-cı illərdə Davao şəhərində 19, 2016-2017-ci illərdə prezident olduğu dövrdə 14, 2016-2018-ci illərdə “təmizləmə əməliyyatları” zamanı 43 nəfərin öldürülməsi halları qeyd olunub.

Dutertenin vəkili və ailəsi hələlik ittihamlara rəsmi reaksiya verməyib. Keçmiş lider isə narkotik şübhəlilərinə qarşı zorakılıqla müqavimət göstərdikdə polisin atəş açmasını təşviq etsə də, məhkəmədənkənar qətllərə icazə vermədiyini bildirirdi.

Qeyd edək ki, Duterte mart ayında Filippin hakimiyyəti tərəfindən ICC-nin tələbi əsasında həbs edilib və hazırda Hollandiya məhkəməsinin müəssisəsində saxlanılır. Məhkəmənin ilkin iclası çərşənbə axşamı keçirilməli olsa da, vəkillərin müdafiəsi üçün vaxt verilməsi məqsədilə təxirə salınıb.

Jalə Rövşən

TodayPress TV


tag: Filippin,Duterte,Beynəlxalq Cinayət Məhkəməsi,TodayPressTV,