Tramp Maskla barışmağı düşünür

Dünya

11.06.2025 15:20

ABŞ prezidenti Donald Tramp bir müddət əvvəl münasibətlərinin bərpasını mümkünsüz hesab etdiyi milyarder İlon Maskla bağlı fikirlərini dəyişib.

TodayPress TV xəbər verir ki, “The New York Post” qəzetinin "Pod Force One" podkastında çıxış edən Tramp Maskla münasibətlərin düzələ biləcəyini istisna etməyib.

Prezident qeyd edib ki, keçmiş dostu ilə barışa bilər, lakin bu hazırda onun üçün prioritet deyil. “Mən ona qarşı kin saxlamıram. Bu hadisələr baş verəndə çox təəccübləndim. Düşünürəm ki, o da dediklərinə görə özünü pis hiss edir”, - deyə Tramp bildirib.

Ağ Ev lideri, həmçinin yaşanan qarşıdurmada Maskı birbaşa günahlandırmasa da, onun davranışından bir qədər məyus qaldığını gizlətməyib.

Qeyd edək ki, Tramp və Mask arasında açıq qarşıdurma iyunun 5-də baş verib. Mask, ABŞ vətəndaşları üçün nəzərdə tutulan vergi güzəştləri ilə bağlı qanun layihəsini tənqid edib. Cavab olaraq, Tramp milyarderin layihələrinə ayrılan subsidiyaların və dövlət kontraktlarının dayandırılmasını təklif edib.

Bu gərginlikdən sonra sosial şəbəkə “X”də Tramp və Mask arasında söz dueli yaşanıb. Mask bəyan edib ki, onun dəstəyi olmasaydı, Tramp ABŞ prezidentliyini qazana bilməzdi.

Baş verənlərdən sonra Tramp Maskla barışığın mümkün olmadığını bildirmiş, onunla dostluğu bərpa etmək niyyətində olmadığını açıqlamışdı. Lakin son açıqlaması ABŞ prezidentinin bu mövzuda mövqeyini yumşaltdığını göstərir.

Töhfə Səməd

tag: ABŞ ,Donald Tramp,İlon Mask,todaypress.tv,