Tramp Aİ-yə 15–20 faizlik gömrük rüsumu tətbiq edəcək
Dünya
19.07.2025 10:40
ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqına (Aİ) ən azı 15-20 faiz aralığında ümumi gömrük rüsumu tətbiq etmək istəyir.
TodayPress TV xəbər verir ki, bu barədə “The Financial Times” (FT) qəzeti mövzuya yaxın üç mənbəyə istinadla məlumat yayıb.
Tramp bu ilin iyulunda artıq Aİ-yə qarşı 30 faizlik idxal tariflərinin tətbiqinə dair sərəncam verib və həmin tariflərin avqustun əvvəlindən qüvvəyə minməsi gözlənilir.
Hazırda Aİ ilə ABŞ arasında yeni ticarət sazişi üzrə danışıqlar davam edir. Aİ tərəfi danışıqlarda 10 faizlik ümumi tarif səviyyəsini hədəfləyir. Lakin FT-nin məlumatına görə, Tramp Aİ-nin bu təklifinə və bəzi məhsullar, xüsusilə avtomobillərlə bağlı tariflərin azaldılması təşəbbüslərinə maraq göstərmir.
Aİ Komissiyasının sədri Ursula fon der Lyayen dəfələrlə bəyan edib ki, Aİ ABŞ-nin gömrük tariflərinə qarşı cavab tədbirləri görməyə hazırdır. Bununla yanaşı, o, münaqişə əvəzinə razılaşdırılmış həllin tərəfdarı olduqlarını bildirib.
Aİ tərəfindən konkret məhsullar üzrə sektor-səviyyəsində danışıqlar aparmağa hazır olduqları bildirilsə də, Trampın bu yanaşmaya isti baxmadığı qeyd olunur.
Bununla yanaşı, Trampın 15-20 faizlik ümumi tarif tələbləri həyata keçərsə, bu, apreldə danışıqlar başladığı zamankı gömrük səviyyəsinə bərabər olacaq.
Qeyd edək ki, həmin dövrdə də ABŞ Aİ ölkələrinə qarşı 20 faizlik tarif tətbiq etmişdi. FT-nin yazdığına görə, Trampın tələbləri danışıqlar boyunca daha da sərtləşib.
FT-yə adının açıqlanmasını istəməyən Avropalı diplomat bildirib ki, Aİ daxilində ABŞ-yə qarşı cavab tarifləri tətbiq etmək fikri güclənməkdədir.
“Biz 15 faizlik tariflə razılaşmayacağıq”, - deyə diplomat vurğulayıb.
Xatırladaq ki, bu ilin aprelində Trampın dünya üzrə tətbiq etdiyi idxal tarifləri beynəlxalq birjalarda güclü reaksiya doğurmuşdu. Ticarət müharibəsi ehtimalı bazarlarda qeyri-müəyyənlik yaradaraq Trampı tariflərin tətbiqini 90 gün təxirə salmağa vadar etmişdi. Danışıqlar müddətində isə ABŞ rəhbərliyi 10 faizlik ümumi gömrük rüsumu tətbiq etmişdi.
Töhfə Səməd
tag: ABŞ ,Donald Tramp,Avropa İttifaqı,Tarif,Todaypress.tv,