Təyyarə 10 dəqiqə pilotsuz havada qaldı
Frankfurt-Sevilya reysi zamanı “Lufthansa”ya məxsus “Airbus A321” təyyarəsi təxminən 10 dəqiqə kokpitdə pilot olmadan havada qalıb.
TodayPress TV xəbər verir ki, bu barədə İspaniyanın Hava Qəzalarının Təhqiqat Xidməti məlumat yayıb.
Bildirilir ki, hadisə ötən ilin fevralında baş verib, lakin indi ictimaiyyətə açıqlanıb.
Uçuş zamanı ikinci pilot kokpitdə tək olarkən huşunu itirib. Kapitan həmin anda sanitar qovşağında olub. Təyyarədə 199 sərnişin və 6 ekipaj üzvü olub.
Pilotun huşsuz vəziyyətdə olduğu müddətdə təyyarə avtopilot rejimində sabit uçuşu davam etdirib.
Kapitan bir neçə dəfə kokpitə qayıtmağa çalışsa da, qapını aça bilməyib. Yalnız qəza rejimində qapının açılmasına az qalmış ikinci pilot özünə gəlib və qapını açıb.
Kapitan dərhal təyyarəni Madridə endirib və pilot həkimlərə təhvil verilib.
"Lufthansa" hadisəni araşdırdığını təsdiqləsə də, nəticələr hələ açıqlanmayıb.
Türkan İsgəndərli
tag: Lufthansa,Almaniya,Pilot,Təyyarə,todaypress.tv,