Serbiyada vətəndaşların 44 faizi Aİ üzvlüyünə qarşıdır - SORĞU

Dünya

27.07.2025 16:45

Serbiyanın Avropa İttifaqına (Aİ) üzvlüyünə ölkə vətəndaşlarının 44 faizi qarşı çıxır, 46 faizi isə bu prosesi dəstəkləyir.

TodayPress TV xəbər verir ki, bu barədə Serbiyanın Avropa İnteqrasiyası üzrə naziri Nemanya Staroviç məlumat verib.

"Prosesin uzun çəkməsinə baxmayaraq, Serbiyanın Avropa yolunu dəstəkləyənlərin nisbətən üstünlük təşkil edən çoxluğu hələ də qorunur", - deyə o diqqətə çatdırıb.

Nazir bildirib ki, bu göstəricilər Azad Seçkilər və Demokratiya Mərkəzinin (CeSID) keçirdiyi sorğunun nəticələrinə əsaslanır. Sorğulara görə, respondentlərin 53 faizi Serbiyanın Aİ-yə üzvlüyündən şəxsi fayda gözləmir. Eyni zamanda, sorğuda iştirak edənlərin təxminən 80 faizi inteqrasiya prosesinin çox ləng getdiyini düşünür. Respondentlərin 47 faizi isə Serbiyanın ümumiyyətlə Avropa İttifaqının üzvü olmayacağına inanır.

Bütün bu göstəricilərə baxmayaraq, Staroviçin sözlərinə görə, hökumət Aİ ilə danışıqlar çərçivəsində islahatları davam etdirir. Onun sözlərinə görə, növbəti danışıqlar klasterinin açılması üçün imkan sentyabr ayının sonunda gözlənilir.

Töhfə Səməd

tag: Serbiya,Avropa İttifaqı,Sorğu,İnteqrasiya,Todaypress.tv,