Rutte: "30 ölkə Ukrayna üçün təhlükəsizlik zəmanətləri hazırlayır"

Dünya

19.08.2025 10:19

"Son aylarda Yaponiya və Avstraliya da daxil olmaqla 30 ölkə Ukrayna üçün təhlükəsizlik zəmanətləri konsepsiyası üzərində çalışır".

TodayPress TV xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte bildirib.

O qeyd edib ki, bu təşəbbüsə Böyük Britaniyanın Baş naziri Kir Starmer və Fransa Prezidenti Emmanuel Makron rəhbərlik edir. Təhlükəsizlik zəmanətlərinin uzunmüddətli atəşkəs və ya sülh sazişindən sonra qüvvəyə minməsi nəzərdə tutulur. ABŞ-nin bu prosesdə iştirakı isə yaxın günlərdə müzakirə olunacaq.

Avqustun 18-də keçirilən görüşdən sonra ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Avropa ölkələri ABŞ ilə birgə Ukrayna üçün təhlükəsizlik təminatları hazırlayacaqlar.

Ukrayna Prezidenti Volodimir Zelenskinin sözlərinə görə, bu zəmanətlərin rəsmiləşdirilməsi yaxın on gün ərzində gözlənilir.

Türkan İsgəndərli

tag: ABŞ,Ukrayna,Rusiya,NATO,Todaypress.tv,