PKK tərksilah prosesinə başlayır

Dünya

08.07.2025 10:13

Terrorçu kimi tanınan və Türkiyədə fəaliyyəti qadağan edilən PKK təşkilatı 11 iyulda Şimali İraqda tərksilah prosesinə başlayacaq.

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyet" qəzeti məlumat yayıb.

İlk mərhələdə 20-30 nəfərlik PKK döyüşçü qrupu silahı yerə qoyacaq. Qrupa təşkilatın hərbi qanadından olan bir rəhbər başçılıq edəcək.

Bu proseslə bağlı müzakirələr 8 iyulda Bağdadda keçiriləcək. Görüşdə Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın, İraqın mərkəzi hakimiyyəti və Ərbil nümayəndələri iştirak edəcək. İbrahim Kalın bu prosesin Ankara, Bağdad və Ərbil arasında əsas əlaqələndiricisi sayılır.

Kalının İraqa səfəri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə DEM partiyası nümayəndələri arasında keçirilən və PKK-nın tərksilahının müzakirə olunduğu görüşdən sonra baş tutacaq. Səfərdən sonra Kalın parlament sədri Numan Kurtulmuşa hesabat təqdim edəcək və bu, PKK-nın tərksilahını izləyəcək parlament komissiyasının yaradılması üçün ilk addım olacaq.

Qəzetin məlumatına görə, tərksilahdan əvvəl PKK lideri Abdullah Öcalanın təşkilata müraciəti gözlənilir.

Türkan İsgəndərli

tag: PKK,Türkiyə,Tərksilah,Terror,Todaypress.tv,