Paşinyan Karapetyanı hədəf aldı: “Ermənistan kukla teatrı deyil”
Dünya
16.07.2025 17:11
Ermənistanın Baş naziri Nikol Paşinyan saxlanılan iş adamı Samvel Karapetyanın eyni anda üç ölkənin vətəndaşı olduğunu və siyasi fəaliyyətə başlama niyyətinin arxasında hüquqi problemlərdən yayınmaq məqsədinin dayandığını bildirib.
TodayPress TV xəbər verir ki, 16 iyul tarixində keçirilən mətbuat konfransında Paşinyan Karapetyanın siyasi fəaliyyəti ilə bağlı açıqlama verərək onun niyyətlərinə skeptik yanaşdığını ifadə edib:
“Şübhəsiz ki, hər kəsin siyasi fəaliyyətlə məşğul olmaq hüququ var. Amma o, konkret halda hüquqi problem ortaya çıxdıqdan sonra siyasi fəaliyyətə başlamaq qərarı verildi. Məqsəd isə "siyasi təqib olunan" statusuna uyğunlaşmaqdır”.
Baş nazir bildirib ki, bu yanaşma təhlükəli presedente çevrilə bilər:
“Əgər belə bir model formalaşarsa, sabah qanunla problemi olan hər kəs siyasi fəaliyyətə başlayacağını bəyan edib, bunun arxasında gizlənə bilər. Bu, bir hiylədir. Ola bilər, pis olmayan hiylədir. Amma hiylədir”.
Paşinyan əlavə edib ki, siyasi fəaliyyətə səmimi şəkildə başlamağın əsas əlaməti seçki prosesində iştirak imkanıdır. Lakin Ermənistan Konstitusiyasına əsasən, Samvel Karapetyan bu hüquqa malik deyil, çünki o, üç ölkənin vətəndaşıdır və bu səbəbdən nə parlamentə namizəd ola bilər, nə də baş nazirliyə iddia edə bilər.
“Axı o, siyasi fəaliyyətini necə aparmaq niyyətindədir? Kuklaları idarə edən kuklaçı olmaq istəyir? Kukla hökuməti yaratmaq istəyir? Amma Ermənistan kukla teatrı deyil”, – deyə Paşinyan fikrini tamamlayıb.
Qiymət Mahir
tag: Ermənistan, Nikol Paşinyan,Samvel Karapetyan,Baş nazir,Todaypress.tv,