Pakistanda güclü yağışlar: 146 nəfər öldü
Dünya
15.08.2025 17:20
Pakistanın Xayber-Paxtunxva əyalətində yağan güclü yağışlar nəticəsində baş verən daşqınlar və torpaq sürüşmələri azı 146 nəfərin ölümünə səbəb olub.
TodayPress TV xəbər verir ki, bu barədə "Geo" portalı məlumat yayıb.
Təkcə Buner rayonunda xilasedicilər bir gündə 120 nəfərin cəsədini aşkar ediblər. Onlarla insan yaralanıb. Fəlakət bölgələrinə yardım aparan helikopterin qəzaya uğraması nəticəsində beş ekipaj üzvü və sərnişin həyatını itirib. Qəzanın pis hava şəraitindən qaynaqlandığı bildirilir.
Təbii fəlakət nəticəsində 28 yaşayış binası zərər görüb, onlardan 7-si tamamilə dağılıb, yollar, körpülər və nəqliyyat infrastrukturu ciddi zədələnib, mobil rabitə baza stansiyaları dağılıb, nəticədə bir çox bölgədə əlaqə kəsilib.
Xilasedicilər və yerli hökumət qurumları yardım və bərpa işlərini davam etdirir, lakin hava şəraiti xilasetmə işlərinə ciddi maneə yaradır.
Türkan İsgəndərli
tag: Pakistan,Yağış,Fəlakət,Qəza,Todaypress.tv,