Nikuşor Dan Rumıniyanın yeni prezidenti seçildi: Seçkilərin gedişi və nəticələri

Dünya

19.05.2025 11:29

9

Rumıniyada keçirilən prezident seçkilərinin ikinci turu başa çatıb.

TodayPress TV xəbər verir ki, təkrar seçkilərdə müstəqil, Avropa yönümlü namizəd, paytaxt Buxarestin meri Nikuşor Dan qalib gəlib.

O, ölkənin beşinci prezidenti olub.

Rumıniya Mərkəzi Seçki Bürosunun yaydığı məlumata görə, Nikuşor Dan 53,60% səslə rəqibini geridə qoyaraq prezident seçkilərində qələbə qazanıb. Onun əsas rəqibi millətçi “Rumıniyanın Birləşməsi Uğrunda Alyans” partiyasının lideri Corce Simion 46,40% səs toplayıb.

Xaricdə yaşayan rumınlar arasında isə Simion daha üstün olub: onun səsləri 55,86%-ə çatıb, Dan isə burada 44,14% səs toplayıb.

Seçkilərin ikinci turunda iştirak edən seçicilərin sayı 11,6 milyonu ötüb ki, bu da ümumi seçici sayının 64,72%-ni təşkil edir. Bu göstərici son 30 ildən artıq müddətdə qeydə alınan ən yüksək iştirak faizidir.

Nikuşor Dan verdiyi açıqlamada bildirib ki, mayın 19-dan etibarən yeni hökumətin formalaşdırılması üzrə danışıqlara başlayacaq.

Qeyd edək ki, bu prezident seçkiləri təkrar keçirilib. Plan üzrə seçkilər 2024-cü ilin noyabrında başlamışdı, lakin birinci turda millətçi namizəd Kalin Corcesku səs topladıqdan sonra Rumıniya Konstitusiya Məhkəməsi prosesi dayandırmaq qərarına gəlib.

Məhkəmənin qərarına səbəb kimi Corceskunun seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsi, seçki sistemində istifadə olunan rəqəmsal infrastrukturun haker hücumlarına məruz qalması və sübut edilməsə də, ehtimal olunan Rusiya müdaxiləsi göstərilmişdi.

Yaranan qalmaqala baxmayaraq, Rumıniya hökuməti Konstitusiya Məhkəməsinin qərarını qəbul edib və təkrar prezident seçkilərinin keçirilməsini 2025-ci il mayın 4-ü və 18-i tarixlərinə təyin edib.

Mayın 4-də keçirilən ilk turda Corce Simion 40,96%, Nikuşor Dan isə 20,99% səs toplayaraq ikinci tura keçmişdi.

İkinci tur səsvermə prosesi ciddi insident yaşanmadan başa çatıb. Lakin Rumıniya Xarici İşlər Nazirliyinin nümayəndəsi Andrey Tsernya bildirib ki, seçki zamanı Rusiya tərəfindən müdaxilə izlərinə rast gəlinib. Onun sözlərinə görə, “Telegram” platformasında yayılan saxta xəbərlərlə seçki prosesinə təsir göstərmək cəhdi olub.

“Telegram”ın yaradıcısı Pavel Durov isə açıqlayıb ki, Rumıniya seçkiləri ərəfəsində ölkədəki mühafizəkar kanalların bloklanması ilə bağlı müraciətlər olsa da, bu tələbləri yerinə yetirməyib. Məlumata görə, bu xahişi Fransa Xarici Kəşfiyyat İdarəsinin rəhbəri Nikola Lerner edib.

Səsvermədən sonra Simion və Corcesku jurnalistlərə açıqlama vermək istəsələr də, seçki məntəqəsindəki polis əməkdaşı onların ərazini tərk etməsini tələb edib.

Bu seçkilər Rumıniyanın daxili siyasi mənzərəsində mühüm dönüş nöqtəsi sayılır. Nikuşor Danın prezident seçilməsi ölkənin Avropa İttifaqına inteqrasiya və demokratiya kursunu davam etdirmək niyyətində olduğunu göstərir. Bununla belə, seçkilər zamanı səslənən müdaxilə və təxribat iddiaları da gələcəkdə Rumıniya üçün təhlükəsizlik məsələlərinin aktual olaraq qalacağını göstərir.

Töhfə Səməd


tag: Rumıniya,Buxarest,Birləşməsi Alyansı,Seçki,Prezident,todaypress.az,