Netanyahu "ağlama divarı"nı ziyarət etdi

Dünya

22.06.2025 22:00

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-nin İrandakı obyektlərə endirdiyi zərbələrdən sonra Qüdsdə yerləşən "ağlama divarı"nı ziyarət edib. O, divarın önündə dua edərək, adətə uyğun şəkildə kağız üzərindəki qeydlərini divarın çatları arasına yerləşdirib.

TodayPress TV xəbər verir ki, həmin anlara dair görüntülər onun “X” sosial şəbəkəsində paylaşılıb.

İsrailin yəhudi ənənələrinə əsasən, Netanyahu başında kipa və çiyinlərinə saldığı talit (ibadət zamanı geyilən zolaqlı örtük) ilə divarın qarşısına çıxıb. O, qeyd edib ki, bu, onun son on gün ərzində "ağlama divarı"na ikinci ziyarətidir. İlk dəfə İranla gərginliyin pik həddə çatdığı günlərdə, İsrailin Tehrana qarşı hərbi əməliyyata başlamazdan əvvəl dua etmək üçün ziyarət edib. Həmin vaxt da Netanyahu orada kağızda “Budur, xalq şir kimi qalxacaq” sitatını qeyd edib. Bu ifadə Bibliyadan götürülmüş və sonradan İsrailin hərbi əməliyyatının rəsmi şüarına çevrilmişdir.

Netanyahu bu dəfə də həmin sitata istinad edib:

“Bu gün eyni yerdəyəm və yeni bir qeyd əlavə edirəm: "Budur, xalq şir kimi qalxıb". İsrail xalqı yaşayır! Biz möcüzələr və böyük işlər görməyə davam edəcəyik ki, İsrailin gələcək nəsillər üçün əbədi varlığı təmin olunsun. Xalqımızla fəxr edirəm!”, - deyə Baş nazir vurğulayıb.

Qeyd edək ki, "ağlama divarı"nı (və ya Qərb divarı) eramızın 70-ci ilində romalılar tərəfindən dağıdılmış Qüds Məbədinin yeganə salamat qalmış hissəsidir. İudaizmin əsas ziyarət yerlərindən olan bu divar qarşısında dua etmək və Tanrıya yazılı şəkildə müraciət etmək yəhudi dini ənənəsinin vacib elementlərindəndir.

Töhfə Səməd

tag: İsrail,Baş nazir,Benyamin Netanyahu,ABŞ,İran,Ağlama divarı,todaypress.tv,