Stubb: "NATO müdafiə xərclərində Soyuq Müharibə dövrünə qayıdır"

Dünya

25.06.2025 16:03

Finlandiyanın prezidenti Aleksandr Stubb Haaqada keçirilən NATO sammitində bildirib ki, alyans müdafiə xərcləri baxımından Soyuq Müharibə dövrünə geri dönür.

TodayPress TV xəbər verir ki, bu barədə "Yle" məlumat yayıb. 

Sammit çərçivəsində üzv ölkələrin müdafiə xərclərini ÜDM-in 5%-nə qədər artırmaq barədə razılığa gəlməsi gözlənilir.

“Aydındır ki, Avropa üçün bir nömrəli təhdid Rusiyadır”, - deyə Stubb vurğulayıb.

O, sammiti tarixi adlandıraraq, NATO-nun yenidən öz köklərinə, yəni Rusiyanın yaratdığı təhlükəyə cavab vermək missiyasına döndüyünü bildirib:

“Biz Soyuq Müharibə dövründəki müdafiə xərclərinə geri dönürük. Bu sammitdən yeni bir NATO doğur – daha çox Avropaya yönəlmiş bir NATO”.

Stubb bununla həm xərclərin artırılmasına, həm də üzv ölkələrin öz müdafiə məsuliyyətlərini artırmalarına işarə edib.

Fin liderin fikrincə, bu artım həm Avropa üçün, həm də ABŞ Prezidenti Donald Tramp üçün mühüm qələbədir, çünki Tramp uzun müddətdir NATO üzvlərindən müdafiə büdcələrini artırmağı tələb edir.

Stubb eyni zamanda bildirib ki, Soyuq Müharibədən sonra Qərb intellektual tənbəlliyə yol verib:

“İndi biz vəziyyətə yenidən baxmalı və anlamalıyıq ki, Qərbin liderliyi dövrü artıq bitib”.

Finlandiya prezidenti vurğulayıb ki, ölkəsi öz müdafiəsinə inanır, məsuliyyətini daşıyır və NATO-nun 5-ci maddəsinə güvənir.

Qeyd edək ki, sammit öncəsi ABŞ Prezidenti Donald Tramp kollektiv müdafiə ilə bağlı 5-ci maddənin müxtəlif cür şərh edilə biləcəyini söyləyib. Stubb isə Trampın bu maddənin əhəmiyyətini azaltmaq niyyətində olduğuna inanmadığını bəyan edib.

Töhfə Səməd 

tag: Finlandiya,Aleksandr Stubb,NATO,ÜDM,Todaypress.tv,