Müdafiə Nazirliyi açıqladı: Monteneqro əsgərlərini Ukraynaya göndərməyəcək
Monteneqro öz hərbi qulluqçularını Ukrayna ərazilərinə göndərmək niyyətində deyil.
TodayPress TV xəbər verir ki, ölkənin Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilir ki, NATO-nun Ukraynaya təhlükəsizlik sahəsində yardım və şəxsi heyətin təlimi üzrə missiyası (NSATU) çərçivəsində iştirak edən monteneqrolu təlimatçılar ukraynalı əsgərləri yalnız Avropa İttifaqı (Aİ) ölkələrində hazırlayacaqlar.
“Monteneqro Ordusunun heç bir hərbi qulluqçusu Ukrayna ərazisində yerləşdirilməyəcək və bu ölkənin ərazisində hər hansı hərbi əməliyyatlarda iştirak etməyəcək. Mümkün iştirak yalnız ukraynalı əsgərlərin Aİ ölkələrində təliminə aiddir” deyə nazirlikdən vurğulanıb.
Qeyd edək ki, Monteneqro mətbuatı daha əvvəl məlumat vermişdi ki, mayın 29-da ölkə parlamenti NSATU missiyasında iştirak üçün respublikanın ordusundan üç hərbçinin göndərilməsi təklifinə baxacaq.
Xatırladaq ki, NATO-nun Ukraynaya təhlükəsizlik sahəsində yardım və təlim proqramının yaradılması barədə qərar 2024-cü ilin iyulunda Vaşinqtonda keçirilən NATO sammitində qəbul edilib. Bu proqram Ukraynaya planlaşdırma və logistika dəstəyi göstərməklə yanaşı, müttəfiq ölkələrdə ukraynalı hərbçilərin hazırlığını koordinasiya edir. NSATU-nun qərargahı Almaniyada yerləşir.
Töhfə Səməd
tag: Monteneqro,Ukrayna,Hərbçi,Müdafiə Nazirliyi,Aİ,NSATU,todaypress.tv,