Medinski: "Rusiya və Ukrayna yaxın müttəfiq olacaqlar"

Dünya

11.06.2025 09:58

"Rusiya Ukrayna ilə mümkün qədər tez münaqişəni bitirmək istəyir və bu iki ölkənin gələcəkdə yaxın müttəfiq olacağına inanırıq". 

TodayPress TV xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Vladimir Medinski deyib. 

Medinski bildirib ki, Qərbdə bu münaqişə İngiltərə ilə Fransa arasındakı tarixi savaşlarla müqayisə olunur, lakin bu, tamamilə yanlış yanaşmadır. Onun sözlərinə görə, Ukrayna ilə Rusiya arasında baş verənlər fərqli mədəniyyətlərə malik ölkələr arasında müharibə deyil, eyni tarixə, dilə və mədəniyyətə sahib olan, bir xalqı təmsil edən iki dövlətin qardaş müharibəsidir.

“Bu, iki qardaş – biri böyük, digəri kiçik – arasında hansının daha ağıllı və güclü olması uğrunda yaranmış münaqişəyə bənzəyir. Təəssüf ki, bu qarşıdurma ölkələr arasındakı fərqləri daha da dərinləşdirir. Məhz buna görə də biz bu müharibənin mümkün qədər tez bitməsini istəyirik”, - deyə Medinski vurğulayıb.

Qeyd edək ki, Vladimir Medinski Rusiya ilə Ukrayna arasında keçirilən sülh danışıqlarında rəsmi Moskva nümayəndə heyətinə rəhbərlik edib.

Töhfə Səməd 

tag: Rusiya,Ukrayna ,Vladimir Medinski,todaypress.tv,