Macarıstandakı referendumda iştirakçıların sayı açıqlandı

Dünya

22.05.2025 17:40

“Macarıstanda Ukraynanın Avropa İttifaqına sürətli şəkildə üzvlüyü məsələsinə dair keçirilən referendumda artıq bir milyondan çox vətəndaş iştirak edib”.

TodayPress TV xəbər verir ki, bu barədə Baş nazir Viktor Orban milli televiziyada yayımlanan video-müraciətində məlumat verib.

“İndi mənə bildirdilər ki, Ukraynanın Aİ-yə sürətli şəkildə daxil olması ilə bağlı səsvermədə artıq bir milyondan çox səslər toplanıb. Bu, fantastik nəticədir” deyə Orban bildirib.

Baş nazir hələ səsverməyə qatılmayan vətəndaşları da referenduma qoşulmağa çağırıb. Onun sözlərinə görə, bu məsələ bütün Avropa ölkələri üçün son dərəcə mühüm əhəmiyyət daşıyır.

Viktor Orban Ukraynanın Aİ-yə üzvlüyünün Macarıstanın maraqlarına zidd olduğunu düşünür. O bildirib ki, bu addım ölkənin əmək bazarına, kənd təsərrüfatına və ictimai təhlükəsizliyinə mənfi təsir göstərə bilər. Baş nazir əlavə edib ki, rəsmi Budapeşt Aİ liderlərinin Ukraynanı birliyə üzv etmək cəhdlərinə qarşı çıxmaq məcburiyyətindədir.

Referendum Macarıstanda könüllü şəkildə və poçt vasitəsilə göndərilən anketlər əsasında keçirilir. Vətəndaşlara yalnız iki seçim təklif olunur: “bəli” və “xeyr”.

Qiymət Mahir

tag: Macarıstan,Ukrayna,Avropa İttifaqı,Viktor Orban,todaypress.tv,