Macarıstan Aİ-nin yeni büdcə layihəsini rədd etdi

Dünya

19.07.2025 17:10

Macarıstan Baş naziri Viktor Orban Avropa Komissiyasının 2028-2034-cü illər üçün təklif etdiyi Avropa İttifaqı (Aİ) büdcəsini qəbul etməyəcəyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə yerli media orqanları məlumat yayıb.

Onun sözlərinə görə, bu büdcə layihəsində Macarıstan vəsaitlərinin Ukraynaya ayrılması nəzərdə tutulur ki, bu da onun üçün qəbuledilməzdir. Orban Brüsseli Macarıstanın xəbərdarlığını ciddi qəbul etməyə çağırıb.

Orban bildirib ki, o, Macarıstanın pulunun Ukraynaya yönəldiyi, ölkə fermerlərini məhv edən və Macarıstanı şantaja açıq vəziyyətə gətirən büdcəni heç vaxt qəbul etməyəcək. O əlavə edib ki, Macarıstan yalnız Brüsselin müharibə, miqrasiya və transgen siyasətini dəstəklədiyi təqdirdə vəsaitlərini ala bilər, bu isə qəbuledilməzdir.

Onun fikrincə, yalnız Macarıstan yox, digər ölkələr də bu yeni yeddiillik büdcə layihəsini dəstəkləməyəcək, çünki bu büdcə Avropa Komissiyası tərəfindən yalnız Ukraynanın Aİ-yə daxil edilməsini təmin etmək üçün hazırlanıb. Həmçinin bu büdcə Avropa İttifaqını məhv edəcək.

Qeyd edək ki, 16 iyulda Brüsseldə təqdim olunan 2 trilyon avroluq büdcə layihəsində Ukraynaya 100 milyard avro – yəni ümumi məbləğin 5%-i ayrılıb. Lakin Orban bildirib ki, müxtəlif ekspert qruplarının qiymətləndirmələrinə əsasən, büdcədə nəzərdə tutulmuş vəsaitlərin ən azı 20%-i Ukraynanın məqsədlərinə, o cümlədən onun Aİ-yə üzvlük prosesinin maliyyələşdirilməsinə yönələ bilər.

Töhfə Səməd

tag: Macarıstan,Baş nazir,Viktor Orban ,Avropa İttifaqı , Ukrayna,Todaypress.tv,