Kreml: Atəşkəs ümidvericidir

Dünya

24.06.2025 14:26

Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov Moskva şəhərində jurnalistlərin gündəmdəki suallarını cavablandırıb. ABŞ-nin İrana qarşı həyata keçirdiyi hücumlarla bağlı Kreml nümayəndəsi bir sıra mühüm detalları açıqlayıb.

TodayPress TV xəbər verir ki, Peskov Rusiya tərəfinin ABŞ-nin İrana endirdiyi zərbələr barədə müvafiq kanallar vasitəsilə məlumat əldə etdiyini bildirib.

Onun sözlərinə görə, hücumların yaratdığı dağıntıların qiymətləndirilməsi üçün hələ zamana ehtiyac var.

O, İran xarici işlər naziri Abbas Əraqçi ilə Vladimir Putin arasında dünən baş tutan görüşdə İranın ABŞ-yə cavab olaraq həyata keçirdiyi hücumun müzakirə olunmadığını qeyd edib.

“Əgər atəşkəs doğrudan da əldə olunubsa, bu, yalnız alqışlana bilər. Rusiya münaqişənin başlanğıcından bəri bunun baş verməsini istəyirdi. Ümid edirik ki, bu davamlı atəşkəs olacaq”, - Donald Trampın elan etdiyi İran-İsrail atəşkəsi barədə danışan Peskov deyib.

Rusiya tərəfinin İrana yetərincə dəstək vermədiyi ilə bağlı iddialara da toxunan Kreml nümayəndəsi bildirib:

“Rusiya öz prinsipial mövqeyi ilə İranı dəstəklədiyini dəfələrlə bəyan edib. Əlbəttə, biz İranla münasibətlərimizi daha da inkişaf etdirmək istəyirik”.

Peskov həmçinin İranın Ali dini lideri Ayətullah Əli Xameneinin prezident Putinə məktub göndərdiyinə dair iddialara münasibət bildirib:

“Yazılı sənəd yox idi. Sadəcə İran rəhbərliyi tərəfindən müəyyən mesajlar verildi”.

Qiymət Mahir

tag: Kreml,Putin,Peskov,İran,İsrail,Todaypress.tv,