Kanadada fövqəladə vəziyyət elan edildi

Dünya

30.05.2025 18:05

Kanada ərazisini əhatə edən genişmiqyaslı meşə yanğınları ölkəni fövqəladə vəziyyətlə üz-üzə qoyub. 

TodayPress TV xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb. 

Ölkə üzrə 130-dan çox yanğın qeydə alınıb, onlardan təxminən yarısı hələ də nəzarətdən kənarda qalır.

May ayı ərzində alovlar 200 min hektardan çox meşə sahəsini məhv edib ki, bu da son beş ilin eyni dövrü üzrə orta göstəricidən üç dəfə çoxdur. Hazırda meşə yanğınları əsasən Britaniya Kolumbiyası, Alberta, Saskatçevan və Ontario əyalətlərində davam edir.

Fəlakətin miqyasının artması səbəbilə Manitoba əyalətində fövqəladə vəziyyət elan olunub. Əyalətdə 22 yanğın ocağı qeydə alınıb, qərb hissəsində isə 17 mindən çox insan təxliyə edilib. Yaxın günlərdə əraziyə yanğınların söndürülməsi üçün hərbi təyyarələrin göndəriləcəyi gözlənilir. Eyni zamanda, şimal bölgələrində yerləşən ucqar icmalar da təxliyə olunacaq.

Manitobanın Flin-Flon şəhərində də (əhalisi 5 min nəfər) təxliyə elan olunub. Evakuasiya olunanların əksəriyyətinin əyalət paytaxtı Vinnipeqdə yerləşdirilməsi planlaşdırılır. Bölgədə əlavə sığınacaqlar yaradılır, yerli icmalar və qeyri-hökumət təşkilatları zərərçəkmişləri qəbul etməyə çağırılır.

Töhfə Səməd

tag: Kanada ,Fövqəladə vəziyyət,Yanğın,Meşə,todaypress.tv,