İspaniyada istilərdən ölüm sayı artdı
Dünya
18.08.2025 18:35
İspaniya Günlük Ölüm İzləmə Sisteminin (MoMo) məlumatına görə, bu yay avqustun 16-dək qeydə alınan istilə bağlı ölüm halları artıq ötən ilin göstəricilərini geridə qoyub.
TodayPress TV xəbər verir ki, statistikaya əsasən, 2024-cü ilin 15 may–30 sentyabr tarixləri arasında İspaniyada 2 min 12 nəfər həddindən artıq istidən dünyasını dəyişmişdi.
Bu il isə eyni dövrdə, avqustun 16-dək bu rəqəm 2 min 405 nəfərə çatıb.
Yalnız avqustun ilk iki həftəsində 931 nəfər istilərin qurbanı olub. Müqayisə üçün, 2023-cü ilin yayında 3 min 7 nəfər, böyük yanğınların və tez-tez müşahidə olunan istilik dalğalarının yaşandığı 2022-ci ilin yayında isə 4 min 789 nəfər həyatını itirmişdi.
Ölkədə son iki həftə ərzində yay mövsümünün ikinci böyük istilik dalğası müşahidə olunub. Dövlət Meteorologiya İnstitutu (AEMET) bildirib ki, avqustun 16-da İspaniyanın 224 müşahidə stansiyasında havanın temperaturu 40 dərəcədən yuxarı olub. Altı yerdə termometrlər 44 dərəcəni keçib, ən yüksək göstərici isə cənubdakı Kurtuba şəhərində 44,7 dərəcə təşkil edib.
Mütəxəssislərin proqnozuna görə, ölkədə genişmiqyaslı meşə yanğınlarına səbəb olan bu isti hava dalğası həftəsonu İspaniyanı tərk edəcək.
Qiymət Mahir
tag: İspaniya,İsti,Hava,Ölüm,Todaypress.tv,