İspaniya ABŞ-yə meydan oxuyur

Dünya

08.08.2025 11:20

İspaniya ABŞ-nin beşinci nəsil “F-35” döyüş təyyarələrindən imtina edərək, Avropa istehsalı olan alternativlərə üstünlük verib. 

TodayPress TV xəbər verir ki, bu barədə “The Financial Times” məlumat yayıb. 

Bildirilib ki, İspaniya Müdafiə Nazirliyi Amerikanın “Lockheed Martin” şirkəti tərəfindən istehsal olunan “F-35”lərin alınması planlarından rəsmi olaraq imtina etdiyini bəyan edib. 

İspaniya hazırda Avropanın “Eurofighter Typhoon” qırıcılarına əlavə investisiyalar ayırmaqla yanaşı, “Future Combat Air System” (FCAS) adlı yeni nəsil döyüş təyyarəsi proqramında da aktiv iştirak edir. FCAS layihəsi 2040-cı illərə qədər xidmətə verilməsi nəzərdə tutulan yüksək texnologiyalı hava döyüş sistemlərinin hazırlanmasını hədəfləyir. 

İspaniya 2017-ci ildən bəri “F-35A" modellərini Hərbi Hava Qüvvələrinin köhnəlmiş “F-18 Hornet” təyyarələrini əvəzləmək üçün, “F-35B” modellərini isə donanmanın “Harrier 2” aviasiyasının yerini tutmaq üçün nəzərdə tuturdu. 

Lakin son qərarla Madrid Vaşinqtonla danışıqlardan tamamilə çəkilərək öz müdafiə siyasətini Avropa mərkəzli istiqamətə yönəldib. Bu addım, eyni zamanda, Avropanın ABŞ-dən strateji hərbi asılılığını azaltmaq niyyətinin göstəricisi kimi dəyərləndirilir. 

Xatırladaq ki, daha əvvəl İsveçrə də oxşar addımı ataraq, 9 milyard dollarlıq “F-35" alışı planlarının ləğvini gündəmə gətirmişdi. 

Aysel Mətləb

tag: İspaniya,ABŞ,F-35,Təyyarə,Satış,İmtina,Todaypress.tv,