İranın raket zərbələri universitetdə böyük dağıntılara səbəb oldu
Dünya
25.06.2025 15:44
İsrailin cənubunda yerləşən Beyer-Şeva şəhərindəki Ben-Qurion Universiteti, 19 iyun tarixində İran tərəfindən həyata keçirilən raket hücumu nəticəsində ciddi ziyan görüb.
TodayPress TV xəbər verir ki, bu barədə "The Times of Israel" nəşri məlumat yayıb.
Bildirilib ki, Beyer-Şevada yerləşən və Ben-Qurion Universiteti ilə əlaqəli olan “Soroka” Tibb Mərkəzinin ərazisinə raket düşməsi nəticəsində ali təhsil müəssisəsinin altı elmi-tədqiqat laboratoriyası tamamilə dağılıb, daha doqquz laboratoriya isə ciddi zədələnib.
Universitet rəhbərliyi bildirib ki, hücum nəticəsində illərlə davam edən tibb və biologiya sahəsindəki tədqiqat layihələrinin nəticələri məhv edilib. Hücum həmçinin Tibbi Elmlər fakültəsinin tədris laboratoriyalarına, məşğələ otaqlarına və prosektoriyaya ciddi ziyan vurub.
Bundan əlavə, universitetin əsas kampusunda yerləşən daha 30 müxtəlif binada da dağıntılar qeydə alınıb. İlkin hesablamalara əsasən, dəymiş ziyanın miqdarı on milyonlarla, hətta yüz milyonlarla şekelə (2,93 milyon ABŞ dolları) qədər ola bilər.
Universitet rəhbərliyi hələ də dağıntının miqyasını müəyyənləşdirmək üçün araşdırmalar aparır.
Töhfə Səməd
tag: İsrail,Universitet,Ben-Qurion ,İran,Todaypress.tv,